Birinci Liqaya vəsiqə uğrunda pley-off oyununun nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, bu gün baş tutmuş mərasimdə Peşəkar Futbol Liqasının, Birinci Liqanın 9-cusu “Şimal”ın və İkinci Liqanın 2-cisi “Qaradağ Lökbatan”ın nümayəndələri iştirak ediblər.
PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin baş mütəxəssisi Elvin Yaqubov, “Şimal” menecer Taleh Bədirxanov, “Qaradağ Lökbatan” isə klubun baş meneceri Bəbir Həsənov ilə təmsil olunub. Püşkatmaya əsasən “Şimal” nominal meydan sahibi olub və nominal meydan sahibi kimi bütün təşkilati məsələləri həyata keçirəcək.
Püşkatmadan sonra klub nümayəndələri ilə Peşəkar Futbol Liqası arasında görüş keçirilib. Görüşdə Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov pley-off oyunu ilə bağlı ilkin təşkilati məsələlər, pley-off oyununun qaydaları, nəzərə alınacaq digər nüanslarla bağlı ətraflı məlumat verib, klub rəsmilərinin oyunla bağlı planları dinlənilib.
PFL-in qərarına əsasən, Birinci Liqa uğrunda pley-off oyunu mayın 27-də Şamaxı şəhər stadionunda keçiriləcək. Oyuna saat 16:00-da start veriləcək. Bu görüşdə VAR sistemi tətbiq ediləcək.



