İngiltərənin “Mançester Siti” klubu ispaniyalı baş məşqçisi Xosep Qvardiola ilə cari mövsümün sonunda yollarını ayıracağını açıqlayıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasındakı müqavilənin müddəti cari mövsümün sonuna qədər idi. 55 yaşlı mütəxəssis klubla yeni sözləşmə imzalamaq istəmədiyi üçün klub onunla vidalaşmaq məcburiyyətində qalıb.
Xosep Qvardiola “Mançester Siti”yə 2016-cı ilin yayından rəhbərlik edir. O, “şəhərlilər”i indiyə qədər 592 oyuna çıxarıb, 423 qələbə, 77 heç-heçə və 92 məğlubiyyət görüb.
Qvardiola “Mançester Siti” ilə bütün mümkün titulları qazanıb. Belə ki, o, bu komanda ilə 6 dəfə İngiltərə Premyer Liqasının, 3 dəfə İngiltərə Federasiya Kubokunun, 5 dəfə İngiltərə Liqa Kubokunun, 1 dəfə isə UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və klublararası dünya çempionatının qalibi olub.
İspaniyalı mütəxəssis daha öncə “Barselona” və “Bayern”ə də rəhbərlik edib.


