AFFA “Ağdaş”ı da İkinci Liqaya buraxdı

AFFA-nın Apellyasiya Komitəsi hazırda İkinci Liqada mübarizə aparan “Ağdaş” komandasına lisenziya verilməməsinə dair qərarı ləğv edib.

Arena.az bu barədə qurumun rəsmi saytına istinadən xəbər verir.

Belə ki, bu gün AFFA-nın Apellyasiya Komitəsinin növbəti iclası keçirilib. İclasda “Ağdaş” FK tərəfindən daxil olmuş apellyasiya müraciətinə və klub tərəfindən təqdim olunmuş əlavə sənədlərə baxılıb. Bölgə təmsilçisinin apellyasiya müraciəti Lisenziya Komissiyasının 08.05.2026-cı il tarixli qərarına əsasən, İkinci Liqa yarışlarında iştirak etmək üçün lisenziyanın verilməməsi məsələsi ilə bağlı olub.

Müzakirələrdən sonra “Ağdaş” FK-ya 2026/2027-ci il mövsümündə İkinci Liqa yarışlarında iştirak etmək üçün lisenziya verilməsinə qərar verilib.

Qeyd edək ki, “Ağdaş” İkinci Liqanın 2025/2026-cı illər mövsümündə 27 oyuna topladığı 26 xalla 12 iştirakçı arasında 9-cu yeri tutub.

Xəbəri sosial şəbəkələrdə paylaş: