Bernd Ştork – “Gənclərbirliyi”nin yeni baş məşqçisi!

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Gənclərbirliyi” komandasına bundan sonra almaniyalı Bernd Ştork rəhbərlik edəcək.

Arena.az xəbər verir ki, Ankara təmsilçisi 63 yaşlı mütəxəssislə 2026/2027-ci illər mövsümünün sonunadək nəzərdə tutulmuş müqavilə imzalayıb.

Klubun yaydığı açıqlamada bildirilib:

“Yeni baş məşqçimiz Bernd Ştork oldu. Peşəkar futbol komandamızın baş məşqçisi vəzifəsi üçün Ştorkla 2026/2027-ci illər mövsümünün sonunadək razılığa gəlmişik. Baş məşqçimizə və onun məşqçilər korpusuna xoş gəldin deyir, yeni vəzifələrində uğurlar arzulayırıq”.

Qeyd edək ki, “Gənclərbirliyi” bundan əvvəl Metin Diyadinlə yollarını ayırmaq qərarına gəlib. 58 yaşlı mütəxəssis oktyabrın 6-da istefa vermək istəyini rəhbərliyə çatdırsa da, klubun idarə heyəti onun müraciətini qəbul etməyib və məşqçi ilə yola davam etmək qərarı verib. Lakin sonradan Ankara təmsilçisi baş məşqçi postuna yeni mütəxəssis gətirib.

“Gənclərbirliyi” cari mövsümdə keçirdiyi 6 oyunda 7 xal toplayıb. Komanda 2 qələbə qazanıb, 1 heç-heçə edib və 3 dəfə məğlub olub. Ankara təmsilçisi Türkiyə çempionatının turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Metin Diyadin ötən mövsüm komandadan ayrıldıqdan sonra yenidən baş məşqçi postuna qayıtmışdı. Onun son fəaliyyət dövründə “Gənclərbirliyi” 9 oyunda 4 qələbə qazanıb, 1 heç-heçə edib və 4 məğlubiyyətlə üzləşib. Bu müddətdə komandanın xal ortalaması 1,44 olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: