Müqavilə ilə “Milan”a məxsus olan italiyalı hücumçu Lorenso Kolombo bu mövsüm şərəfini qoruduğu “Cenoa” ilə yeni müqavilə bağlayıb.
Arena.az xəbər verir ki, Genuya təmsilçisi icarəyə götürdüyü 24 yaşlı futbolçunun transfer hüquqlarını alıb.
“Cenoa” bu keçidə görə “Milan”a 7 milyon avro ödəyib. İtaliyalı futbolçu Genuya komandası ilə 2029-cu ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalayıb.
Xatırladaq ki, “Cenoa” Kolombonu 2025-ci ilin yayında satınalma şərti ilə icarəyə götürmüşdü. Hücumçu bu komandanın heyətində meydana çıxdığı 39 matçda 7 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub.
Lorenso Kolombo “Milan”ın yetirməsidir. O, “Kremoneze”, SPAL, “Leççe”, “Montsa”, “Empoli” kimi klubların da şərəfini qoruyub. Hücumçu İtaliyanın U-15, U-16, U-17, U-19, U-20 və U-21 yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.


