Kristiano Ronaldo “Əl-Nəsr”lə çempion oldu!

Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az məlumat verir ki, ulduz futbolçu Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2025/2026-cı illər mövsümünün sonuncu – 34-cü turu çərçivəsində keçirilmiş “Damak”la oyunun iştirakçısı olub.

Ronaldonun komandası ev oyunundan qələbə ilə ayrılıb – 4:1. Portuqal futbolçu bu matça start heyətdə başlayıb və 87-ci dəqiqədə əvəzlənib. Komandasının son iki qolunu da Kristiano vurub. O, 63-cü və 81-ci dəqiqələrdə fərqlənib. Digər qolları Sadio Mane ilə Kinqsli Koman vurublar. Ronaldo 54-cü dəqiqədə sarı vərəqə də alıb.

“Əl-Nəsr” 34 turda topladığı 85 xalla Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2026/2026-cı illər mövsümünü çempion kimi başa vurub. Komanda keçirdiyi 34 oyunda 28 qələbə qazanıb, 2 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.

Kərim Benzemanın şərəfini qoruduğu “Əl-Hilal” 84 xalla gümüş medalçı olub. Bürünc medallar isə 81 xala malik “Əl-Əhli”yə qismət olub.

Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 37 oyuna 30 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 142 oyun, 123 qol və 24 məhsuldar ötürmədən ibarətdir.

Kristiano Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə daha öncə Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb.

Kristiano Ronaldo 2003-cü ildən formasını geyindiyi Portuqaliya yığmasının heyətində 226 oyuna 143 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 41 yaşlı veteran hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: