Kurban Berdıyev: “Heyəti gücləndirməliyik”

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Premyer Liqanın sonuncu – 33-cü turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş görüşü Tovuz təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Maraqlı oyun oldu. Təəssüf ki, qol epizodlarını dəyərləndirə bilmədik. Elə oyundur ki, futbolçularıma pis heç nə deyə bilmərəm. Var gücləri ilə oynadılar. Gənc futbolçulara şans vermək üçün imkan var idi. Onları meydana buraxdıq.

Artıq bizim üçün başa çatmış bu mövsümü uğurlu hesab edirəm. Amma bəzi bərabərsəviyyəli oyunlar oldu ki, xallar itirdik. Paltardəyişmə otağında futbolçulara mövsümə görə təşəkkürümü bildirdim.

Çox şadam ki, klubun rəhbəri maksimum hədəflər qoyur. Bu, çox vacib məsələdir, məsuliyyəti də artırır. Bu mövsüm göstərdi ki, heyətin möhkəmləndirilməsi vacibdir. “Sabah” bunu sübut etdi. Çox güclü heyət yığdılar. Onların yaxşı baş məşqçiləri var. Nəticədə çempion oldular. Biz də heyəti gücləndirməyə çalışacağıq. Amma büdcəmizin buna nə qədər imkan verəcəyini demək çətindir. Maliyyə imkanlarımızın necə olduğunu gözəl başa düşürük.

“Turan Tovuz”un avrokuboklarda uğurlu nəticə əldə etmək şanslarına gəlincə, hər şey heyətin gücləndirilməsindən asılı olacaq. Bu da maliyyə imkanları ilə bağlıdır. Heyətimiz güclənsə, şanslarımız da yüksək olacaq”.

Xəbəri sosial şəbəkələrdə paylaş: