Futbol üzrə Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün qalibi “Qarabağ” çempionluq kuboku və qızıl medallarına qovuşub.
Arena.az xəbər verir ki, bu gün Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün mükafatlandırma mərasimi keçirilib.
Tədbir Ağdam təmsilçisinin ev oyunlarını keçirdiyi “Azərsun Arena”da təşkil olunub. Mükafatlar mövsümün sonuncu – 36-cı turunun “Araz-Naxçıvan” – “Qarabağ” oyunundan sonra təqdim edilib. Ardıcıl 3-cü, tarixində 11-ci dəfə olan Ağdam təmsilçisi mükafatlarını alıb.
Öncə futbolçulara qızıl medallar verilib. Yeni dizaynda hazırlanan bu mükafatlar ilk dəfə özəl şou ilə təqdim olunub. Hər oyunçu medalını almaq üçün fəxri kürsüyə öz seçdiyi musiqinin sədaları altında qalxıb.
Çempionatın bombardiri Olavio Juninyoya da mükafat verilib. O, 20 qolla Premyer Liqanın 2023/2024 mövsümünün ən yaxşısı olub.
Sonda Ağdam klubuna çempionluq kuboku təqdim olunub. Komanda yeni hazırlanan mükafata sahib çıxıb.
Qeyd edək ki, “Qarabağ” çempionatın sonuna 8 tur qalmış 1-ci yeri təmin edib. Yekunda isə komanda 36 turda 83 xal toplayıb.


