“Qarabağ” Niderland nəhəngi “Ayaks”la üz-üzə

Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının 2024/2025 mövsümünün Liqa mərhələsində 3-cü oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Ağdam klubu evdə “Ayaks”la üz-üzə gələcək.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyuna saat 20:45-də start veriləcək. Qarşılaşmanı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Azərbaycan çempionu Avroliqanın Liqa mərhələsinə uğursuz start verib. Səfərdə “Tottenhem”ə (İngiltərə) 0:3 hesabıyla uduzmuş komandamız evdə də “Malmö”yə (İsveç) 1:2 məğlub olub.

“Ayaks” isə ilk turda “Beşiktaş”a (Türkiyə) doğma meydanda 4:0 hesabıyla qalib gəlib, Praqa “Slaviya”sı (Çexiya) ilə səfər oyununda 1 xalla kifayətlənib – 1:1.

“Ayaks” avrokuboklarda ilk dəfə Ağdam klubuna rəqib olur. Lakin Azərbaycan və Niderland klubları indiyədək 4 dəfə üz-üzə gəliblər. Bugünkü matç sayca 5-ci belə duel olacaq.

İndiyədək iki ölkə təmsilçilərinin yolları iki dəfə iki oyunluq dueldə kəsişib. Maraqlıdır ki, hər iki halda eyni komandalar rəqib olublar. Söhbət “Qarabağ”la “Tvente”dən gedir. Həmin görüşlər də indiki kimi Avroliqa çərçivəsində baş tutub.

Azərbaycan klubunun Niderland təmsilçisi ilə duelləri pley-offa təsadüf edib. Hər iki halda həmin oyunlar tarixi əhəmiyyət kəsb edib.

“Qarabağ” klub tarixində ilk dəfə 2009-cu ildə pley-off oynayıb. İlk belə qarşılaşma Niderlandda təşkil olunub. “Zanbaqlar ölkəsi”ndəki matçda “Tvente” 3:1 hesablı qələbəyə sevinib. Qurbanovun komandası evdə revanş ala bilməyib. Qolsuz heç-heçədən sonra təmsilçimiz qrup mərhələsinin bir addımlığında dayanıb.

Beş il sonra “Qarabağ”la “Tvente” yenidən Avroliqanın pley-offunda görüşüb. İlk oyun bu dəfə Bakıda baş tutsa da, hesab 5 il əvvəlki kimi olub. Niderlandda yenə hər iki komanda qol sevinci yaşayıb. Lakin bu dəfə heç-heçə qeydə alınıb. Həmin vaxt səfər qolu prinsipi işlədiyi üçün “Qarabağ” turu adlayıb və tarixində ilk dəfə qrup mərhələsinə yüksəlib. Niderland klubu ilə 4 matçda qələbə qazanmayan təmsilçimiz 3 heç-heçə edib, bir dəfə uduzub. 2 qol vuran ağdamlılar 4 top buraxıblar.

Ağdam klubu bu gün tarixində 70-ci avrokubok qələbəsini qazana bilər. İndiyədək 69 qələbə qazanmış çempionumuz son dörd görüşdə uduzmaqla yubileyi təxirə salıb.

Avropa Liqası
Liqa mərhələsi, 3-cü tur
24 oktyabr

“Qarabağ” – “Ayaks”
Hakimlər: Nikolas Uolş, Qrem Stüart, Kalum Spens, Kristofer Qrem (Şotlandiya)
VAR: Kevin Klensi (Şotlandiya)
AVAR: Con Biton (Şotlandiya)
Hakim-inspektor: Mehmet Murat İlqaz (Türkiyə)
UEFA nümayəndəsi: Aldi Topçiu (Albaniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:45.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: