“Qarabağ” “Slaven”i Musa Qurbanlının qolu ilə məğlub etdi

Avstriyada təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti yoxlama matçına çıxıb.

Arena.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Xorvatiyanın yüksək liqa təmsilçisi “Slaven” (Belupo) kollektivi ilə qarşılaşıb.

Baş məşqçi Qurban Qurbanov bu oyunda komandasını aşağıdakı heyətlə meydana buraxıb: Sadiq Məmmədzadə, Bədavi Hüseynov (k), Mateus Silva, Elvin Cəfərquliyev, Abbas Hüseynov, Aleksey İsayev, Patrik Andrade, Nəriman Axundzadə, Hamidu Keyta, Redon Cica, Musa Qurbanlı.

Tirol bölgəsindəki “Sportplatz Volders”də baş tutan bu görüş Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qələbə qolunu Musa Qurbanlı vurub.

Xatırladaq ki, bu, “köhlən atlar”ın Avstriya toplanışı çərçivəsində ikinci qələbəsidir. Azərbaycan çempionu daha öncə Çexiyanın “Viktoriya” (Plzen) komandasına da 2:1 hesabıyla qalib gəlmişdi. Almaniyanın “Kayzerslautern” komandası ilə ilk sınaq matçı isə 1:3 hesablı məğlubiyyətlə başa çatmışdı.

Ağdam klubu Tirol bölgəsindəki hazırlığı Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) təmsilçisi “Şabab Əl-Əhli”yə qarşı matçla yekunlaşdıracaq. Matç “Silberstadt Arena”da keçiriləcək. Bu görüşün start fiti isə Bakı vaxtı ilə saat 19:00-da səslənəcək.

Yoxlama oyunu
16 iyul

Qarabağ – Slaven (Belupo) 1:0
Qol: Musa Qurbanlı, 72.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: