“Qarabağ” “Viktoriya”ya yoxlama matçında qalib gəldi

Avstriyada təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün ikinci yoxlama matçına çıxıb.

Arena.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Çexiyanın “Viktoriya” (Plzen) kollektivi ilə qarşılaşıb.

Komandamız meydana aşağıdakı start heyəti ilə çıxıb: Fabiyan Buntiç, Bəhlul Mustafazadə, Kevin Medina, Marko Veşoviç, Toral Bayramov, Julio Romao, Marko Yankoviç, Yassin Benzya, Leandro Andrade, Abdullah Zubir, Olavio Juninyo.

Görüş Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan klubunun heyətində 22 və 44-cü dəqiqələrdə fərqlənən Leandro Andrade dubl edib. Rəqib komandanın yeganə qoluna isə 49-cu dəqiqədə Kristof Kabonqo imza atıb.

Xatırladaq ki, “köhlən atlar” günün ilk oyununda Almaniyanın “Kayzerslautern” komandası ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan çempionunun 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Təmsilçimiz bu oyunda daha çox ehtiyat qüvvənin xidmətindən yararlanmışdı. “Viktoriya” ilə qarşılaşmada isə əsas heyətin üzvlərinə şans verilib.

“Qarabağ”ın Avstriyada daha iki yoxlama oyunu keçirməsi nəzərdə tutulub. Lakin sonrakı rəqiblər hələlik bəlli deyil. Həmin oyunlar iyulun 16-da baş tutacaq.

Yoxlama oyunu
9 iyul

Qarabağ – Viktoriya (Plzen) 2:1
Qollar: Leandro Andrade, 22; 44 – Kristof Kabonqo, 49.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: