Qaret Sautqeyt İngiltərə yığmasından gedir?

Futbol üzrə İngiltərə milli komandasının baş məşqçisi Qaret Sautqeyt istefa verə bilər. Arena.az bu barədə jurnalist Semi Mokbelə istinadən məlumat verir.

Mokbelin məlumatına görə, ingilis mütəxəssis 2024-cü ildə futbol üzrə Avropa çempionatından sonra İngiltərə yığmasını tərk etmək imkanını nəzərdən keçirir.

Vurğulanır ki, bu halda İngiltərə Futbol Assosiasiyası (FA) ispan mütəxəssis Xosep Qvardiolanın komandaya təyinatı ilə bağlı danışıqlar aparmağa cəhd edə bilər.

Qaret Sautqeyt 2016-cı ildən İngiltərə yığmasını çalışdırır. İngilis mütəxəssisin rəhbərliyi altında komanda AÇ-2020-də gümüş medal qazanıb. 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatında İngiltərə yığması Uels, ABŞ və İran kollektivlərinin yer aldığı qrupdan birinci yeri tutaraq pley-off mərhələsinə vəsiqəni təmin edib. 1/8 finalda Seneqal yığmasını 3:0 hesabı ilə məğlub etmiş Sautqeytin yetirmələri, çərək finalda çempionatın gələcək gümüş mükafatçısı Fransa yığmasına məğlub olublar – 1:2.

Xatırladaq ki, qarşıda İngiltərə yığmasını AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində İtaliya, Ukrayna, Malta və Şimali Makedoniya yığmaları ilə oyunlar gözləyir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: