Qonsalo Qedes yenidən “Benfika”da!

Futbol üzrə Portuqaliya milli komandasının yarımmüdafiəçisi Qonsalo Qedes İngiltərənin “Vulverhempton” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 26 yaşlı vinger Portuqaliyanın “Benfika” klubuna qayıdıb.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Yarımmüdafiəçinin bu mövsümün sonuna – 30 iyuna qədər icarədə oynayacağı diqqətə çatdırılıb.

Xatırladaq ki, Qonsalo Qedes məhz “Benfika”nın yetirməsidir. O, 2014-2017-ci illər aralığında bu klubun əsas komandasında meydana çıxdığı 68 oyunda 11 qol vurub, 16 məhsuldar ötürmə müəllifi olub.

2017-ci ilin yanvarında Fransanın PSJ klubu 30 milyon avro qarşılığında Qedesi heyətinə cəlb edib. Amma o, Paris təmsilçisində meydana çıxdığı 13 oyunda cəmi bir məhsuldar ötürmə ilə yadda qalıb. Bu üzdən həmin ilin sentyabrında icarə əsasında İspaniyanın “Valensiya” klubuna keçib. 2018-ci ildə “Valensiya” 40 milyon avro ödəməklə onun transfer hüquqlarına da yiyələnib. 2022-ci ilin avqustunda isə 32.6 milyon avro qarşılığında “Valensiya”dan “Vulverhempton”a keçib. O, Premyer Liqa təmsilçisində 18 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub.

2015-ci ildən Portuqaliyanın əsas millisinə dəvət alan futbolçu, yığmada 32 oyuna 7 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: