“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”ə qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis Bakıda baş tutan və 2:2 hesabıyla bitən oyundan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Azarkeşlərə təşəkkür edirəm. Çətin hava şəraitində sona qədər bizimlə oldular. Stadionda böyük futbol ab-havası var idi. Futbolçularıma təşəkkür edirəm ki, bu cür performans göstərdilər. Qalib gəlmək şansımız da var idi. Sonda bərabərlik oldu. Mənim üçün oyun intizamı və sona kimi dözmək çox vacib idi.
Elvin Cəfərquliyevlə Julio Romaonun yoxluğunun təbii ki, oyunumuza təsir oldu. Onlar 90 dəqiqə meydanda gücləri çata bilən oyunçulardır, sürətə, dinamikaya dözənlərdir. Bir neçə oyunçumuzun sona yaxın yorğunluğu hiss edildi. Hətta əzələlərində problem oldu.
“Bayer”i keçərək növbəti tarix yaza bilərikmi? Hər şeyə real baxmalıyıq. Oyundan əvvəl bəlkə ən çox inamlı olan mən idim. Ki, bu gün rəqibə qarşı düzgün oyun quracağıq və komandam yaxşı oynayacaq. Amma hər yerdə oxuyurdum, zənglər, mesajlar gəlirdi ki, başa düşürük “Bayer” güclüdür, səviyyə fərqi çoxdur, məğlub olsaq da, canımız sağ olsun”. Özümdə inam var idi ki, “Bayer”ə qarşı nəticə əldə edə bilərik. Ən azından Bakıda. Belə də, oldu. Leverkuzendəki matça da ümidsiz getmirəm. Komandamın ilk oyundan daha yaxşı oynaması, mübarizə aparması üçün hazırlayacam. Buna ehtiyac olacaq. Almaniya, İspaniya komandalarında istənilən rəqibə qarşı meydana rahata çıxmaq yoxdur. Çox ciddi olurlar. Xabi Alonso ilə səfərdəki görüşümüzdə də bu haqda danışırdıq. O, mənə analizlər zamanı bəzi nöqtələrimiz haqda danışırdı. Bu onu göstərdi ki, bizə ciddi yanaşırlar. İstənilən halda, Leverkuzenə ümidsiz getmirik”.
Qurban Qurbanov bu oyunda zədə almış Olavio Juninyonun durumundan da söz açıb: “Ola bilər ki, əzələsində problem yaransın. Sabah dəqiq bilinəcək. Digərlərində ciddi problem olmalı deyil. Həkimlərin dediyinə görə, Juninyoda 70 faiz yorğunluq yox, zədədir”.


