Qurban Qurbanov: “Bu gün “Kopenhagen”lə matçı düşünmürdük”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 6-cı turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, bu gün “Azərsun Arena”da baş tutmuş oyun Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qurban Qurbanov matçdan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Azarkeşlərimizə təşəkkür edirəm. Kaxaber Sxadadzeyə ancaq təşəkkür düşür. İntizamlı oyun, bərk müdafiə, təhlükəli əks-hücumlar… 90 dəqiqə 10 nəfərlə oynamalarına baxmayaraq, komandası əzmkarlıq göstərdi. Belə komanda, belə iş görəndə qarşıdakı oyunlarda daha da ciddi oluruq. Sxadadzeyə və komandasına uğurlar arzulayıram.

Özümüzə gəldikdə, vacib qələbə qazandıq. Bəlkə də oyun düşündüyümüzdən fərqli alındı. Qarşımızda yaxşı müdafiə olunan komanda var idi. Qolu düşünülmüş hücumdan sonra vurduq. Bəzi elementlər var idi ki, onları meydanda gördüm. Hər bir halda bu, az idi. Daha çoxuna nail olmaq lazım idi. Bəlkə də rəqib ilk dəqiqələrdən azlıqda qaldı deyə, arxayınlıq oldu. Bərabər heyətlə oynasaydıq, nəticənin necə olacağını heç kim deyə bilməzdi. Birdən-birə düşünülməmiş qırmızı vərəqə məşqçinin də oyun planını pozur. Bu, müəyyən mənada bizim də planımızı pozdu”.

Qurban Qurbanov “Qəbələ”nin gənc futbolçusu Şahin Şahniyarov haqda da xoş fikirlər səsləndirib:

“Belə futbolçuların əsas heyətdə oynamasına sevinirəm. Çox məsuliyyətli mövqedə oynayır. Sxadadze kimi məşqçi ona güvənirsə, bu, onun potensialından xəbər verir. Belə oyunçuların hər biri bizim diqqətimizdədir, onları daim izləyirik. Sol və sağ cinah müdafiəçiləri də bərk idilər. Çox bəyəndim. Qarşılarında Leandro Andrade, Abdullah Zubir, Aleksey Kaşuk, Emmanuel Addai kimi oyunçular var idi. Onlara asanlıqla məğlub olmadılar”.

Qurban Qurbanov Ramil Şeydayevi hələ hazır hesab etmir

Qurban Qurbanov bu oyuna qədər UEFA Çempionlar Liqasının Liqa mərhələsində qarşılaşacaqları “Kopenhagen”lə (Danimarka) matçı düşünmədiklərini sözlərinə əlavə edib:

“Hər oyunda meydana maksimum nəticə üçün çıxırıq. Qarşıdakı matçları düşünsək, oyunumuz alınmaz. Bizim üçün çempionatda hər oyun vacibdir. “Kopenhagen”lə matçı düşünmürdük. Sadəcə, ola bilər ki, heyət həmin oyuna görə formalaşıb. Çempionlar Liqası matçında 1-2 dəyişiklik ola bilər. Bunlar tam fərqli oyunlardır. Rəqiblər fərqlidir. Burada başqa cür hücumlar edirik, orada başqa fikirlər olacaq. “Qəbələ” 5 müdafiəçi ilə oynayır, “Kopenhagen” isə 4 müdafiəçi ilə. Bəzən onlar da “beşli” müdafiə sistemində oynayırlar. Dünən bu sistemlə oynadılar. Bakıda fərqli sistem ola bilər. “Kopenhagen”lə oyunda futbolçuların hazırlıq səviyyəsi yaxşı olmalıdır”.

Nəriman Axundzadənin “Kopenhagen”lə matçda oynamaq ehtimalının olduğunu vurğulayan Qurban Qurbanov yenidən “Qarabağ”a qayıtmış Ramil Şeydayevin durumuna da toxunub:

“Ramil hələ hazır deyil. Bizdəki əvvəlki performansı ilə indiki performansı arasında fərq var. Təcrübəli oyunçudur. Fiziki hazırlığı onun ən üstün cəhətlərindən biridir. Xeyli müddətdir oyunlarda iştirak etmir. Ramilə oyun təcrübəsi lazım olacaq. Qarşıdakı matçlarda bizə faydası dəyəcək. Çünki rotasiyalar edəcəyik. Oynadıqca keçmiş formasına qayıda biləcək”.

Kaxaber Sxadadze: “Prins Ovusuya irad bildirməyəcəyik”

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Qarabağ”ı qələbə münasibətilə təbrik edirəm. Öz futbolçularıma minnətdarlığımı bildirirəm. Mübariz oyun göstərdilər. Bu vaxta qədər deyirdilər ki, “Qəbələ”nin hücum xətti yaxşıdır, müdafiədə problemlər var. Bu oyun göstərdi ki, komandamız müdafiə olunmağı da bacarır. “Qarabağ” kimi rəqibə qarşı 90 dəqiqə azlıqda oynadıq. Buna baxmayaraq, futbolçular taktiki baxımdan çox düzgün oynadılar. “Qarabağ”ın Çempionlar Liqasında vacib oyunu var. Onlara uğurlar arzulayıram. Daha bir vacib məqamı qeyd edim ki, bu gün daha bir futbolçumuz (Qədir Ramazanov) Premyer Liqada debüt etdi. Bu mövsüm debüt edən yerli oyunçuların sayı 5-ə çatdı”.

Kaxaber Sxadadze gənc futbolçu Prins Ovusuya ilk dəqiqələrdə göstərilmiş qırmızı vərəqəyə də münasibət bildirib:

“Ona hansısa irad bildirməyəcəyik. Prins hələ uşaqdır. Özünü çox pis hiss edir. Paltardəyişmə otağında ağlayırdı. Onu çətinliklə sakitləşdirə bildik. Həmin epizodda qəsdən qayda pozuntusu yox idi. Sürüşdü, ona görə qaydanı pozdu. “Qarabağ”ın özü üçün də yaxşı olardı ki, vacib oyundan öncə 11 nəfərə qarşı oynasın. İngiltərədə belə epizodlarda dərhal qırmızı vərəqə vermirlər. Matçın əvvəlində bu cür “qırmızı” ilə bağlı şərh vermək çətindir.

Hücumçu qırmızı vərəqə alanda oyunu qurmaq asan olur. Müdafiəçi çıxanda gərək dəyişiklik edəsən. Belə olanda oyunu yenidən qurmaq çətinləşir. “Qırmızı”dan sonra 5-3-1 sistemi ilə oynamağa başladıq. “Qarabağ” tamamilə fərqli səviyyəli komandadır. Belə rəqibə qarşı özümüzü yaxşı tərəfdən göstərdik”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: