Qustavo Skarpa “Atletiko Mineyro”ya keçdi

Braziliyalı hücumameylli yarımmüdafiəçi Qustavo Skarpa “Atletiko Minyero”ya ilə anlaşaraq, vətəni Braziliyaya qayıdıb.

Arena.az bu barədə “Atletiko Mineyro”nun rəsmi saytına istinadən məlumat verir.

Qustavo Skarpa “Fluminense”nin yetirməsidir. Braziliyalı yarımmüdafiəçi “Red Bull” (San-Paulu) və “Palmeyras”da oynadıqdan sonra, Avropaya yollanıb və “Nottingem Foreset”də çıxış edib. “Meşəcilər” cari mövsümün ilk yarısında Skarpanı Pirey “Olimpiakos”una icarəyə veriblər. Daha sonra icarə müqaviləsi başa çatmış Skarpanı “Atletiko Mineyro” futbolçunun transfer hüquqlarının məxsus olduğu “Nottingem Forest”dən 5 milyon avro müqabilində heyətinə transfer edib. Yarımmüdafiəçi “Atletiko Mineyro” ilə müddəti 2027-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Qustavo cari mövsümün ilk yarısında “Olimpiakos”un heyətində 11 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Skarpanın qənimətlər muzeyində ikiqat Braziliya çempionluğu, Braziliya Kuboku, 2 Libertadores Kuboku, Cənubiamerikan Rekopası var. Həmçinin Skarpa 2022-ci ildə Braziliya A Seriyasında mövsümün oyunçusu və Braziliyada ilin oyunçusu seçilib.

Qustavo Skarpa 2017-ci ilin yanvarında Braziliya millisinin heyətində debüt edib, meydanda 21 dəqiqə keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 30 yaşlı braziliyalı yarımmüdafiəçinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: