“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 7-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, “qartallar”ın çalışdırıcısı 2:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Vacib 3 xal əldə etdik. Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. Növbəti oyuna fokuslanacağıq. Başımızı aşağı salıb, bildiklərimizi etməyə çalışırıq. Allah qoysa, daha yaxşı, daha möhkəm komanda olarıq. Sabitliyi qorumağa ehtiyac var. Təbii ki, bunu etmək asan məsələ deyil. Əsas məqsədimiz avrokuboklara vəsiqə qazanaraq ötənmövsümkü uğuru təkrarlamaqdır. İrəliyə baxmaq lazımdır”.
Sadıqov “Zirə”nin Premyer Liqadakı tək rəqibinin “Qarabağ” olmadığını bildirib:
“Mən belə deməzdim. Bu fikirlə razı deyiləm. Yaxşı oyun göstərən komandalar var, nəticələr əldə edirlər. “Araz-Naxçıvan”, “Turan Tovuz”, “Sabah”, “Sumqayıt”, “Neftçi”… Bu klublar mövsümün sonuna kimi avrokuboklar uğrunda mübarizə aparacaqlar. Ayxan Abbasov “Şamaxı”da yaxşı kollektiv formalaşdırıb. Bu mövsüm rəqiblər daha da çox olacaq. Hər şey mümkündür. Hazırda “Turan Tovuz”un əsas üstünlüyü odur ki, indiki məşqçi də əvvəlki məşqçi kimi eyni sistemlə oynamağa davam edir. Kurban Berdıyevin futbolçulara yanaşmasından sonra komanda artırıb”.
Rəşad Sadıqov “Neftçi”dən ayrılan və hazırda azad agent statusu daşıyan Qara Qarayevin xidmətində maraqlı olub-olmadıqlarına dair suala belə cavab verib:
“Onunla ötən il görüşmüşdüm. “Qarabağ”dan ayrıldıqdan sonra onu “Zirə”yə gətirmək istəyirdik, amma Qara “Neftçi”yə keçdi və orada oynamağa qərar verdi. İndi isə elə vaxtda azad agent kimi qaldı ki… Təbii ki, onun kimi futbolçunu hər bir komanda heyətində görmək istəyər. Sadəcə, indi bizdə onun mövqeyində 4-5 oyunçu var. Qara ilə bu il danışığımız olmayıb. Oynamalı olan futbolçudur. Belə qalmaq onun üçün yaxşı olmaz. Qara matçlarda iştirak etməlidir, iddialı futbolçudur. Qara ilə münasibətimiz qaydasındadır. Futbol haqda söhbətlərimiz də olur. Lakin transfer barədə onunla danışığımız olmayıb”.
Sadıqov “Neftçi”də kapitanlıqdan məhrum edilən Emin Mahmudovdan da söz açıb: “Kapitan kimi məsuliyyətin böyük hissəsi ona düşür. Məncə, Emin “Neftçi”də layiqli kapitan olub. Roman Qriqorçuk təcrübəli mütəxəssisdir. Mahmudov yoluna davam etməlidir”.
“Bəzi oyunçuların başı futboldan kənar söhbətlərə qarışıb” – Samir Abasov
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Taktiki mübarizədən onlar qalib ayrıldılar. Bütün mübarizələri uduzduq, hücumda oynaya bilmədik. Bir neçə oyundur, belədir. Artıq komandada bəzi addımların atmağın vaxtıdır. Ha düşünürsən ki, gələn oyun düzələr, yox. Futboldan kənar söhbətlərə başları qarışır. Yaxşı günlər yaşamırıq. Dörd turdur, uduzuruq. Bu gedişlə növbəti iki oyunu da uduzmağa gedirik. “Toparlanmalıyıq” demək də çətindir. Fikirləşirəm ki, komanda daxilində iş görmək lazımdır, sərt olacaq, amma belə rahatlıq olmalı deyil.
Komanda olaraq formada deyilik, balans yoxdur. Fikirləşirəm ki, bir komanda 3-4 nəfər yeni gələnlər oynayırsa, fiziki formadan uzaqdırlarsa, digərlərinə də təsir edəcək. Yəni, digər oyunçular məcburdur ki, çox qaçsın, güc sərf etsinlər. Komandada fiziki baxımdan disbalans var. Bu da yenilərlə deyil, köhnələrlə bağlıdır. Bəzi oyunçuların başı futboldan kənar söhbətlərə qarışıb. Hansı söhbətlər olduğunu demirəm, özləri başa düşürlər. Gedişat pisdirsə, öz karyeraları üçün də pis ola bilər. Oynamayacaqlar, formadan düşəcəklər.
Yaxşı mövsümdən sonra bəzi oyunçulara təkliflər gəldi. Sanki indi o havada qalıblar. Deyəsən, elə düşüncədədirlər ki, bura olmasa, gedəcək yerimiz var. Yəni, arxayınlıqları var. Çalışıram ki, loru dildə danışım, başa düşsünlər.
Məğlub olanda motivasiya da gedir. Bunlar normal haldır. Ümumi komanda şəklində enişdəyik. Bunu baş məşqçi qaldırmalıdır, anlayıram. Ancaq səbəblər var. Motivasiyanın enişində səbəb uğursuz nəticələrdir. Mən tərəfdən nələrsə dəyişməyib. İşləyirik, qələbə istəyirik və olacaq da, sadəcə, düşdüyümüz vəziyyətin səbəblərini axtarırıq. Motivasiya baxımından məndə eniş görürsünüzsə, bəlkə, elədir. Amma problem olduğunu düşünmürəm”.


