“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun yarımfinalı çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri ev oyunundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Maraqlı oyunun şahidi olduq. İkinci hissədə çox sürətli, baxımlı futbol getdi. Hesabda iki top fərqi ilə irəli çıxdıq. Bundan başqa hesabı daha da böyütməyə imkanımız var idi. Fürsətləri qaçırdıq. Sonda rəqib yarım epizod kimi bir vəziyyətdən qol vurdu. Futbolda belə şeylər olur. Son dəqiqələrdə qapı tirindən dönən topumuz var. Qələbə qazansaq da, üç həftə sonra bizi daha da vacib cavab oyunu gözləyir. Amma hazırda bizi düşündürən “Qəbələ” ilə çempionat matçıdır.
Bu gün iki top fərqi ilə qələbə qazansaydıq da, mənim üçün dəyişən bir şey olmayacaqdı. Hətta bəlkə də cavab görüşü öncəsi daha çox narahatlıq keçirəcəkdim. Hər şey ikinci oyunda həll olunacaq. Futbolçular da başa düşürlər ki, rahatlaşmaq olmaz”.
Rəşad Sadıqov bu gün “Zirə”də ilk oyununa çıxan Araz Abdullayevin durumundan da söz açıb və başqa futbolçu axtarışında olmadıqlarını bəyan edib:
“Araz Abdullayev fiziki cəhətdən tam hazır deyil. Psixoloji cəhətdən isə yaxşıdır, həvəslidir. Uzun müddətdir oynamır. Amma gözlədiyimdən daha yaxşıdır. Bu gün də oyuna yaxşı qoşuldu. Fürsət düşdükcə ondan istifadə etməyə çalışacağıq. Sezar Meza Kollini də heyətimizə qatmışdıq. Planımızda başqa futbolçu yoxdur”.
“İlin ən vacib oyunu evdə “Zirə”yə qarşı olacaq”
“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Çox maraqlı kubok oyunu alındı. Azarkeşlər üçün yaxşı matç keçdi. Bu görüşdə yaxşı temp və çox mübarizə oldu. Təəssüf ki, bir neçə futbolçumuz ilk yarda oyuna tam qoşula bilmədi və hücumlarda tez-tez top itirdik. Sonra iki qol buraxdıq ki, bu topları qaytarmaq olardı. Əvəzetmələrlə hücumu gücləndirdik və çox gözəl kombinasiyalı qol vurduq.
Oyunu təhlil etməliyik. Qarşıdakı matçlara hazırlaşmalıyıq. İlin ən vacib oyunu evdə “Zirə”yə qarşı olacaq. Qapıçılarımıza suallar var, onlarla söhbət edəcəyəm. Amma nəyisə dəyişmək çətindir. Bu oyunda çox yaxşı epizodlarımız da oldu. Amma hücumda çox top itirdik”.



