23 yaşlı braziliyalı hücumameylli yarımmüdafiəçi Reynier “Real”dan azad agent qismində “Atletiko Mineyro”ya keçib.
Arena.az bu barədə “Atletiko Mineyro”nun mətbuat xidmətinə istinadən məlumat verir.
Tərəflər 4 illik – müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Reynier “Flamenqo”nun məzunudur. Futbolçu, karyeresı ərzində “Real Madrid Kastilya”, həmçinin icarə əsasında Dortmund “Borussiya”sı, “Jirona”, “Frozinone” və “Qranada”da çıxış edib.
Braziliyalı futbolçu geridə qalmış mövsümdə “Qranada” üçün 25 oyuna 1 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.
Reynier Braziliyanın U-16, U-17 və U-23 komandalarına, həmçinin Olimpiya komandasına cəlb edilib, “selesao”nun əsas komandasına isə çağırış almayıb.
“Transfermarkt” internet-portalı 23 yaşlı braziliyalı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.


