“River Pleyt”in stadionunda biabırçı irqi nəğmə oxundu – Video

“Çelsi”nin yarımmüdafiəçisi Entso Fernandes Amerika Kubokunda qalibiyyəti qeyd etmək üçün doğma “River Pleyt” stadionuna gəlib.

Arena.az xatırladır ki, Argentina millisinin üzvü irqçi qalmaqalın mərkəzindədir.

Söhbət Argentina yığmasının Amerika Kubokunda qalibiyyətindən sonra komandanın avtobusunda zəfər şənliyi zamanı, Entso Fernandesin açdığı canlı yayımda argentinalı futbolçuların fransız futbolçuların ünvanına oxuduğu irqi zəmində təhqirlə müşayiət edilən nəğmədən və “qəhrəman”ın bu məclisdə həvəslə iştirakından gedir.

Mübahisəli nəğmənin sözləri belədir:

“Onlar Fransa üçün oynayırlar, amma hamısı Anqoladandır. Onların anası Nigeriyadan, atası isə Kamerundandır, amma pasportlarına görə onlar “fransız”dırlar”. Həmçinin nəğmənin mətnində Fransa yığmasının kapitanı Kilian Mbappenin transgender model İnes Rau ilə münasibətinə dair də əxlaqsız istinadlar yer alıb.

Fernandes Buenos-Ayresin “Monumental” stadionunda meydana çıxan kimi, tribunalar bu iyrənc nəğməni bir ağızdan şövqlə oxumağa başlayıblar. Onlar bu yolla “qəhrəman”a dəstək nümayiş eytdirməyə çalışıblar.

Xatırladaq ki, daha əvvəl Entso Fernandes yol verdiyi biabırçığa görə üzr istəyib, amma argentinalı futbolçu ictimaiyyətin gözündən düşüb.

Hazırda məsələ FIFA-da baxışdadır. Fransa Futbol Federasiyası (FFF) Argentina Futbol Assosiasiyasına (AFA) etiraz məktubu ünvanlayıb, FIFA-ya isə bu biabırçılığa baxılması üçün şikayət ərizəsi təqdim edib.

Bu iyrənc nəğmə ilə bağlı qalmaqal hələ də gündəmdə qalmaqda davam edir.

Argentinalı azarkeşlər “Monumental”da hamılıqla irqçi nəğmə oxuyurlar:

https://youtu.be/PkIq6JmzBWI

Xəbəri sosial şəbəkələrdə paylaş: