Qətərdə keçirilən futbol üzrə dünya çempionatında (DÇ-2022) iştirak edən Belçika milli komandasının baş məşqçisi Roberto Martines istefa verib. Arena.az xəbər verir ki, bu barədə 49 yaşlı mütəxəssis mundialın qrup mərhələsinin son turunda Xorvatiya ilə qolsuz heç-heçə etdikləri oyundan sonrakı mətbuat konfransında açıqlama verib.
O, yığmadakı vəzifəsindən ayrıldığını açıqlayıb. Buna komandanın mundialdakı uğursuz çıxışı səbəb olub. Belçika milli komandası 24 il sonra ilk dəfə dünya çempionatlarında qrup mərhələsini keçə bilməyib. Bu komandanın yer aldığı F qrupundan Mərakeş lider, Xorvatiya isə 2-ci yerin sahibi kimi 1/8 finala adlayıb. Belçika isə 3-cü yeri tutub və qrupda qalıb. Sonuncu yeri isə mundialın təşkilatçısı Qətərlə kimi 1 xal belə qazana bilməyən Kanada yığması tutub.
Xatırladaq ki, Belçika yığması sonuncu dəfə 1998-ci ildə Fransada keçirilən dünya çempionatında qrupdan çıxmamışdı. Komandanın tarixdəki ən yaxşı nəticəsi 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının bürünc medal qazanmasıdır.
Xatırladaq ki, Roberto Martines 2016-cı ildən “qırmızı iblislər”ə rəhbərlik edirdi. Belçika milli komandası bu mütəxəssisin rəhbərliyi altında bütövlükdə 80 matça çıxarıb. Sözügedən komanda bu oyunlarda 56 qələbə qazanıb, 13 heç-heçə edib və 11 məğlubiyyətlə üzləşib.
İspaniyalı mütəxəssis daha öncə İngiltərənin “Suonsi Siti” və “Uiqan” və “Everton” klublarında da baş məşqçi kimi fəaliyyət göstərmişdi. O, “Suonsi Siti”ni İngiltərə ikinci divizionunun qalibi edib. Həmçinin “Uiqan”a da İngiltərə Federasiya Kubokunun qazandırıb. Martines 2018-ci ildə FİFA tərəfindən ilin ən yaxşı məşqçisi elan edilib.