Portuqaliya yığmasının baş məşqçisi Roberto Martines AÇ-2024-ün 1/4 finalında Fransa yığması ilə oyunu şərh edib.
Arena.az xatırladır ki, Portuqaliya yığması əsas və əlavə vaxtı “quru” hesabla (0:0) başa çatmış oyunun penaltilər silsiləsində “xoruzlar”a 3:5 hesabı ilə məğlub olaraq, Avropa çempionatı ilə vidalaşıb.
“Bu, kədərli bir məqamdır, oyunçularım mübarizə apardılar. Üzərində işlədiyimiz hər şeyi etdilər. Portuqaliya futbolunun dəyərlərini göstərdilər. Kədərlidir, çünki azarkeşlər qələbəmizi qeyd etməyə layiq idilər, amma biz bunun öhdəsindən gələ bilmədik. Biz bütün gücümüzü verdik.
Biz topa sahib olmaq baxımından özümüzü yaxşı tərəfdən göstərdik, fərdi nəzarəti tətbiq edərək yaxşı müdafiə olunduq, xeyli imkanlar yaratdıq. Amma məsələ onda idi ki, qol vura bilmədik. Bu isə qəddar məqamdır. Bu gün penaltilər silsiləsi xeyrimizə olmadı”, – “Record” dərgisi ispan mütəxəssisdən sitat gətirir.
Beləliklə, Portuqaliya yığmasını Avropa çempionatından kənarlaşdırmaqla yarışın yarımfinalına yüksəlmiş Fransa yığması burada İspaniya yığması ilə qarşılaşacaq.


