Portuqaliya yığmasının baş məşqçisi Roberto Martines “Əl-Nəsr”in ulduz hücumçusu Kristiano Ronaldonun futbolçu keyfiyyətlərindən danışıb.
Arena.az “Marca” nəşrinə istinadən ispan mütəxəssisin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Kristiano anadangəlmə qalibdir. Özünə münasibətdə çox, çox və çox tələbkardır. Bu amil onun bütün nailiyyətlərini izah edir. Karyerası ərzində bir dəfədən çox futbolçu kimi dəyişib. Düşünürəm ki, o, karyerasının son nöqtəsində ən yaxşı hücumçudur.
Onunla işlədiyimdən bəri o, cərimə meydançasında hərəkət baxımından ən yaxşılardan biridir. Kristiano havada əla oynayır və hücumları tamamlaya bilir. Bu isə istənilən komandaya gərəkdir. O, milli komandada 200-dən çox oyun keçirmiş dünyada yeganə futbolçunun təcrübəsini çatdırır. Bu amil çox şey deyir”, deyə Roberto Martines bildirib.
Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Cari mövsümdə portuqal hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 20 oyuna çıxıb, 18 qol vurub, 9 məhsuldar verib.
Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 205 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib.
Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 38 yaşlı veteran futbolçunu 15 milyon avro məbləğində qiymətləndirir.


