İspaniyalı mütəxəssis Roberto Martines futbol üzrə Portuqaliya milli komandasının baş məşqçisi postundan ayrıldığını rəsmən açıqlayıb.
Arena.az xəbər verir ki, 52 yaşlı məşqçi qərarını DÇ-2026-nın 1/8 finalında İspaniyaya 0:1 hesablı məğlubiyyətdən sonra keçirilmiş mətbuat konfransında elan edib.
Martines milli komandadakı fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib:
“Bu, inanılmaz bir dövr idi. Hiss etdiyim qüruru sözlə ifadə edə bilmirəm. Bütün Portuqaliya xalqının bizə bəxş etdiyi güc və enerji möhtəşəm idi”, – deyə o vurğulayıb.
Roberto Martines 2023-cü ilin yanvarında Portuqaliya millisinin baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda 2024/2025-ci illər mövsümündə UEFA Millətlər Liqasının qalibi olub.
Martines bundan əvvəl, 2016–2022-ci illərdə Belçika millisini çalışdırıb. O, Belçikanı 2018-ci il dünya çempionatında bürünc medallara daşıyaraq yığmanın mundiallar tarixindəki ən yaxşı nəticəsinə imza atıb.
İspaniyalı mütəxəssis klub karyerasında isə İngiltərənin “Suonsi Siti”, “Uiqan” və “Everton” komandalarını çalışdırıb. O, 2012/2013-cü illər mövsümündə “Uiqan”la İngiltərə Kubokunu qazanıb.


