Roberto Martines üçün Portuqaliyanın ən yaxşı hücumçusu

Portuqaliya yığmasının baş məşqçisi Roberto Martines veteran hücumçu Kristiano Ronaldonun millidəki perspektivləri haqda sualı cavablayıb.

Arena.az “A Bola” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə cavabını təqdim edir:

“O, seçim üçün olduqca əlçatandır. Kristiano öz klubunda fəal surətdə oynamağa davam edir və biz də digər oyunçularla olduğu kimi, onunla bağlı vəziyyəti də izləyirik. O, kapitanımızdır və Kristianonun fiziki xüsusiyyətləri çox yaxşıdır. Onun, işinə münasibəti komanda üçün çox vacibdir.

Ronaldo 10 il əvvəlki oyunçu deyil. İndi onun daha çox təcrübəsi var. Onun yaşı haqqında danışa bilməzsiniz, çünki AÇ-2024-də qüsursuz çıxış etmiş Pepenin nümunəsi var (yarış zamanı Pepenin 41 yaşı vardı – redaktorun qeydi). Kristianonun təcrübəsi çox vacibdir, çünki o, gənc oyunçulara kömək edə bilər. Biz Ronaldonu digər oyunçular kimi qiymətləndiririk. Bir çox cəhətdən o, Portuqaliya futbolunun ən yaxşı hücumçusudur”, deyə Roberto Martines vurğulayıb.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.

Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə isə Ronaldo “Nəcd cəngavərləri”nin heyətində bütün yarışlarda 3 oyuna 3 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 67 oyun, 61 qol və 16 məhsuldar ötürmədən ibarətdir.

Xatırladaq ki, Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Maraqlıdır ki, Ronaldo “Əl-Nəsr”lə hələ heç bir qənimət qazanmayıb. Qolçuluq mükafatları ilə yanaşı, Ronaldonun “Əl-Nəsr”dəki yeganə uğuru ötən mövsümün ən yaxşı oyunçusu seçilməsidir.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 212 oyun keçirib, 130 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: