Ukraynalı futbol mütəxəssisi, daha öncə də Azərbaycanda çalışmış Roman Qriqorçuk “Neftçi”nin baş məşqçisi vəzifəsinə təyin edilib.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Təcrübə mübadiləsi məqsədilə beynəlxalq tədbirdə iştirak etmək üçün Bakıda səfərdə olan Qriqorçukla anlaşma əldə olunub. Onunla 2 illik müqavilə imzalanıb.
Məşqçilik fəaliyyətinə 1998-ci ildə köməkçi məşqçi kimi başlayan, 2000-ci ildən etibarən isə baş məşqçi postunu tutan mütəxəssis Latviyanın “Dinaburq” (1998-2005) və “Ventspils” (2005-2009), vətənində “Metallurq” (2009-2010) və “Çernomorets” (2010-2014, 2021-2024-cü ilin iyun ayınadək), Qazaxıstanın “Astana” (2018-2019), Belarusun “Şaxtyor” (2020-2021) klublarında çalışıb. Qriqorçuk 2015-2018-ci illər aralığında da Azərbaycan təmsilçisi “Qəbələ”də baş məşqçi olub.
Təcrübəli məşqçi “Ventspils”dəki fəaliyyəti dövründə klubuna 3 dəfə Latviya çempionluğunu (2006, 2007, 2008), 2 dəfə Latviya kubokunu (2005, 2007) qazandırıb. O, Latviyanın ən yaxşı məşqçisi adına layiq görülüb (2009). Qriqorçukun rəhbərliyi altında Odessanın “Çernomorets” klubu 2010/11 mövsümündə Premyer Liqaya çıxıb, 2012/13 mövsümündə isə Ukrayna kubokunun finalçısı olaraq Avropa Liqasında iştirak etmək hüququ qazanıb. Komanda uğurlu çıxışı sayəsində bu turnirin qrup mərhələsinə yüksəlib. Qriqorçuk komandası ilə Xorvatiyanın “Dinamo” (Zaqreb), Niderlandın PSV və Bolqarıstanın “Ludoqorets” (Razqrad) klubları ilə apardığı mübarizələrin nəticəsində 2-ci yeri tutaraq daha bir uğura imza atıb və Avropa Liqasının 1/16 finalına vəsiqə qazanıb.
“Qəbələ”nin tarixinə düşmüş mütəxəssis
Qriqorçukun “Qəbələ”də çalışdığı 3,5 mövsümlük fəaliyyət dövrünü də uğurlu hesab etmək olar. Belə ki, onun başçılığı altında klub Azərbaycan Premyer Liqasının bürünc və gümüş medallarına yiyələnib, ölkə kubokunun finalçısı olub. Əyalət klubu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə çıxmağı bacarıb və daha sonra bu uğuru təkrarlayıb.
Roman Qriqorçuk həmçinin Qazaxıstan Premyer Liqasının və Super Kubokunun qalibi etdiyi “Astana” ilə Avropa Liqasının qrup mərhələsində “Mançester Yunayted” üzərində qələbə qazanıb. 2020-ci ildə Belarus “Şaxtyor”unun sükanı arxasına keçib və qısa müddət ərzində klubu ölkə çempionatının və Super Kubokunun qalibi edib.
“UEFA Pro” lisenziyalı məşqçi 1965-ci ildə Ukraynanın İvano-Frankovsk vilayətinin Korniç kəndində anadan olub. Futbolçu kimi 5 ölkədə çıxış etmiş 59 yaşlı mütəxəssis vətənində “Prikarpatye” (1988-1994) və “Krivbass” (1995-1996), Avstriyada “Sankt-Pelten” (1994), Polşada “Petroximiya” (1995), Rusiyada “Saturn” (1996-1997) və Latviyada “Dinaburq” (1998-1999) kimi klubların şərəfini qoruyub.


