“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk almaniyalı müdafiəçi Robert Bauerin paytaxt klubuna transferinə münasibət bildirib.
Arena.az xəbər verir ki, ukraynalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında “Neftçi”nin yüksək hədəflərə çatması üçün almaniyalı futbolçunun çox kömək olacağını bildirib:
“Çox şadam ki, heyətimizi Robert Bauerlə gücləndirdik. Bu təcrübəli futbolçu göstəricilərinə və keyfiyyətinə görə bizim oyun üslubumuza uyğun gəlir. İnanıram ki, “Neftçi”nin yüksək hədəflərə çatması üçün onun çox köməyi dəyəcək”, deyə Roman Qriqorçuk klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
Xatırladaq ki, “Neftçi” bu gün yeni mövsüm öncəsi dördüncü transferini reallaşdırıb. Almaniyalı müdafiəçi Robert Bauerlə 3 illik müqavilə imzalanıb. 29 yaşlı futbolçu yeni komandasında 23 nömrəli formanı geyinəcək.
Dörd fərqli mövqedə – müdafiənin hər iki cinahında, mərkəzində və orta xətdə oynamağı bacaran Bauer yüksək sürətə və texnikaya malikdir. Almaniyada “İnqolştadt”, “Verder”, “Nürnberq” klublarında çıxış etmiş futbolçu Bundesliqada 100-ə yaxın oyun keçirib, 2-ci Bundesliqanın çempionu olub. Bundan əlavə, Rusiya Premyer Liqasında “Arsenal” (Tula) və Belçikada “Sent-Trüden” klublarının formasını geyinmiş Robert son mövsümü bir çox ulduz futbolçuların çıxış etdiyi Səudiyyə Ərəbistanı Pro Liqasında mübarizə aparan “Əl-Tai”də keçirib. O, sözügedən komandanın heyətində 34 oyuna çıxıb, 1 qol və 2 assistlə yadda qalıb.
Robert Bauer 13 dəfə şərəfini qoruduğu Almaniya U-20 milli komandası ilə 2016-cı ildə dünya çempionatının 1/4 finalına yüksəlib və Olimpiya Oyunlarında gümüş medal qazanıb.
“Neftçi” daha öncə Edvin Kuç (“Ballkani”, Kosovo), Emil Səfərov (“Qəbələ”) və Ramil Şeydayevi (“Kocaelispor”, Türkiyə) də heyətinə qatmışdı.


