Portuqaliya yığmasının kapitanı, veteran ulduz hücumçu Kristiano Ronaldo qarşıdan gələn AÇ-2024-ə hazırlığından söhbət açıb.
Arena.az “Al Nassr Zone” dərgisinə istinadən, ulduz futbolçunun bu barədə fikirlərini təqdim edir:
“Mən narahatammı? Həmişə qarnımda gizilti olur və bunu hiss etdiyim üçün şadam. Əgər bunu hiss etmirsinizsə, o zaman təslim olmağın vaxtıdır. Komandanın tamamilə sakit olduğunu görürəm, narahat olan görmürəm. Komandanın xoşbəxt olduğunu hiss edirəm və işlərin yaxşı gedəcəyinə əminəm.
Düşünürəm ki, bu nəsil bu böyüklükdə yarışda oyunbaoyun qalib gəlməyə layiqdir və biz bunu tezliklə görəcəyik. Xəyal etməliyik, xəyal etmək – bu, yaxşıdır. Mən bu yarışa hazırlaşmışam, ilk oyuna beş gün qalıb və yaxşı başlamağın vaxtıdır”, deyə Ronaldo vurğulayıb.
Xatırladaq ki, sayca 17-ci Avropa çempionatının final mərhələsi Almaniyada keçiriləcək. Bu gün, iyunun 14-də başlayacaq qitə birinciliyi düz bir ay – iyulun 14-dək davam edəcək. AÇ-2024-ün oyunlarına Almaniyanın 10 şəhərinin 10 stadionu ev sahibliyi edəcək.
Portuqaliya millisi qitə birinciliyində Gürcüstan, Türkiyə və Çexiya yığmalarının yer aldığı “F” qrupunda mübarizə aparacaq.
Portuqaliya yığması ilk oyununu iyunun 18-də Çexiya milli komandasına qarşı keçirəcək.


