Ronaldo: “Portuqaliya AÇ-2024-ü qazanmağa qadir olduğunu bilir”

Portuqaliya yığmasının kapitanı, veteran hücumçu Kristiano Ronaldo AÇ-2024 ərəfəsində milli komandanın hazırkı heyəti barədə danışıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, portuqal ulduzun bu barədə fikirlərini təqdim edir:

“Mən qəti şəkildə inanıram ki, bu komanda bu Avropa çempionatında başlayaraq portuqal azarkeşlərə böyük sevinc bəxş edəcək. Həmçinin yenə də inanıram ki, oyunçuların ən yaxşı nəsli – qənimətləri qazanan nəsildir. Ümidvaram ki, bu komanda qalib gələcək, çünki bizim inanılmaz istedadlı komandamız var.

Bildiyimiz kimi, qalib olmaq üçün təkcə istedad kifayət deyil. Belə böyük yarışda qalib gəlmək üçün çoxu gərəkdir. Bizə gərək olan hər şey var, amma uğura inanmağı dayandırmadan addım-addım, oyun-oyun məqsədimizə doğru irəliləyəcəyik. 2016-cı ildə qazanılmış qalibiyyət həm Portuqaliya, həm də dünya futbolu üçün tarixi idi. İndi biz yerdə möhkəm dayanmışıq, amma Avropa çempionatını qazana biləcəyimizi bilərək, yüksək amalı düşünürük”, deyə Ronaldo vurğulayıb.

Xatırladaq ki, 2024-cü il Avropa çempionatının final mərhələsi Almaniyada keçiriləcək və düz bir ay – iyunun 14-dən iyulun 14-dək davam edəcək. Yarışın oyunlarına Almaniyanın 10 şəhərinin 10 stadionu ev sahibliyi edəcək.

Yarışda Portuqaliya yığması Gürcüstan, Türkiyə və Çexiya yığmalarının yer aldığı “F” qrupunda mübarizə aparacaq.