“Əl-Nəsr”in superulduzu Kristiano Ronaldo Portuqaliya yığmasının AÇ-2024-ün final mərhələsinə vəsiqə qazanmasına münasibət bildirib.
Arena.az məlumat verir ki, o, bu barədə özünün sosial şəbəkə hesablarının birində yazıb:
“AÇ-2024-dəyik! Portuqaliyaya yenidən möhtəşəm yarışın finalına çıxmasına kömək etdiyim üçün çox şadam. Gözəl təbriklərə görə Portuqaliya Futbol Federasiyasına və stadionda olan azarkeşlərə xüsusi təşəkkürümü bildirirəm!”
Xatırladaq ki, dünən, oktyabrın 13-də Portuqaliya yığması AÇ-2024-ün seçmə mərhələsinin J qrupunun 7-ci turu çərçivəsində Slovakiya yığmasını qəbul edib. Roberto Martinesin yetirmələri 3:2 hesabı ilə qalib gələrək, Avropa çempionatının final mərhələsinə erkən vəsiqəni təmin ediblər. Kristiano vacib oyunda dubla imza ataraq komandasının qələbəsinə töhfə verib.
7 turdan sonra 21 xalı toplamış Portuqaliya yığması “J” qrupunun vahid lideridir.
Kristiano Ronaldo hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 202 oyun keçirib, 125 qol vurub və 44 məhsuldar ötürmə verib.
Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Portuqal superulduz yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
Bu arada statistika həvəskarları Ronaldonun yığma komandanın heyətində maraqlı nəticəsinə diqqət yetiriblər. Belə ki, portuqal superhücumçu Slovakiya ilə oyunda 30 yaşından sonra yığma komandanın heyətində beynəlxalq səviyyədə 73-cü qolunu vurub. Ronaldonun 30 yaşından sonra vurduğu 73 qol göstəricisi – 192 ölkədən ixtiyari yaşda heç bir futbolçunun çata bilmədiyi möhtəşəm bir göstəricidir.
Kristianonun peşman etdiyi komandalar arasında Almaniya, Fransa, İtaliya, İngiltərə, İspaniya, Niderland, İsveç, Xorvatiya, Danimarka, Uruqvay, Kolumbiya, Çili, Meksika, ABŞ, Misir, Qana və digər 176 ölkənin yığma komandası var.
“Ümid edirəm ki, AÇ-2024-də olacağam”
Ronaldo 2024-cü il Avropa çempionatında oynayacağına ümid etdiyini də bildirib:
“Ümid edirəm ki, AÇ-2024-də olacağam, çünki hələ çox vaxt var. Ümidvaram ki, heç bir fəsadım və ya zədəm olmayacaq, oynamağa ümid edirəm.
Portuqaliyadan erkən ayrıldım, amma o həmişə mənim evim olacaq. Portuqaliyanın bütün stadionlarında məni dəstəkləyirlər”.
Vurğulayaq ki, Kristiano Ronaldo Avropa çempionatlarının həm final və həm də təsnifat mərhələsi tarixində ən sərrast futbolçudur. Qolçu superhücumçu final mərhələsində 14, təsnifat mərhələsində isə 36 qola – ümumilikdə 50 qola qol qoyub. Eləcə də Ronaldo 5 Avropa çempionatında 25 oyun keçirib və bu da Avropa çempionatları tarixində rekord göstəricidir.


