Cari mövsümdən Azərbaycan Birinci Liqasında mübarizə aparan “Səbail” komandası klub tarixinin 300-cü oyununu keçirib.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.
Bakı klubunun yubileyi Birinci Liqanın 4-cü turuna təsadüf edib. Paytaxt təmsilçisi səfərdə “Şimal”la görüşüb. “Dənizçilər” yeni mövsümdəki ilk xal itkisinə yubileyində üzülüb – 0:0.
Əsası 2016-cı ildə qoyulan klub 2016/2017-ci illər mövsümündə Birinci Divizionda (indiki Birinci Liqa), ardınca 8 mövsüm Premyer Liqada mübarizə aparıb. Cari çempionatda yenidən Birinci Liqada çıxış edən “Səbail” 9 dəfə ölkə kuboku uğrunda mübarizəyə qoşulub, 1 dəfə Avropa Liqasının iştirakçısı olub.
Paytaxt təmsilçisi bu müddətdə Premyer Liqada 240, I Liqada 30, ölkə kubokunda 28, Avropa Liqasında 2 matça çıxıb. “Dənizçilər” 300 oyunda 87 qələbə qazanıb, 59 heç-heçə edib və 154 dəfə uduzub. 347 qol vuran bakılılar 461 top buraxıb.
Qeyd edək ki, sözügedən kollektiv ilk matçını 2016-cı il sentyabrın 8-də keçirib. Birinci Divizionun 1-ci turunun “Mil-Muğan”la səfər görüşündə paytaxt klubu 3:0 hesablı qələbə qazanıb.


