Futbol üzrə Azərbaycan Birinci Liqasında 2026/2027-ci illər mövsümünə hazırlaşan “Səbail” heyətini 4 əcnəbi futbolçu ilə gücləndirib.
Arena.az bu barədə paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərdə vurğulanır ki, transfer çalışmalarını davam etdirən “Səbail” 4 əcnəbi futbolçu ilə rəsmi müqavilə imzalayıb.
Son olaraq Braziliyanın “Ferroviario” klubunda çıxış etmiş 30 yaşlı hücumçu Felipe Hulkla 1+1 illik müqavilə imzalanıb. Hulk yeni mövsümdə bu komandanın heyətində 99 nömrəli forma ilə çıxış edəcək.
Növbəti transfer Portuqaliyanın “Braqa” klubunun yetirməsi olan Yan Saiddir. 23 yaşlı mərkəz hücumçusu “Braqa”nın B komandasının heyətində ümumilikdə 79 qarşılaşmada 15 qol vurub. Yan Said yeni komandasında 9 nömrəli formanı geyinəcək.
Daha bir transfer isə son olaraq Lüksemburqun “Dudelanj” klubunda çıxış etmiş Aldo Xosue Qomes Soaresdir (Dinyo). 26 yaşlı hücumçu ötən mövsüm “Dudelanj”ın heyətində 22 qarşılaşmada 7 qola imza atıb. O, “Səbail”də 80 nömrəli forma ilə çıxış edəcək.
Paytaxt təmsilçisinin digər yeni transferi isə ötən mövsümü “Şahdağ Qusar”da keçirmiş Peter Aqblevordur. 23 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. Peter Aqblevor yeni mövsümdə “dənizçilər”in heyətində 22 nömrəli forma ilə mübarizə aparacaq.


