2024/2025 mövsümü öncəsi transfer çalışmalarını davam etdirən Premyer Liqa təmsilçisi “Səbail” daha iki futbolçunu heyətinə qatıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
“Dənizçilər” gənc oyunçular – yarımmüdafiəçi Gülağa Əsədov və qapıçı Əlirza Müştəbazadə ilə müqavilə imzalayıb. Müqavilənin müddəti və digər detallar barədə məlumat verilməyib.
“Qəbələ”nin yetirməsi olan Gülağa Əsədov geridə qalmış mövsümü “İmişli”də keçirib. 21 yaşlı futbolçu mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edir.
Əlirza Müştəbazadə isə “Neftçi”nin yetirməsidir. 22 yaşlı qapıçı ötən mövsüm “İrəvan” və “Difau Ağsu” klublarında forma geyinib.
Xatırladaq ki, “Səbail” daha öncə Fərid Nəbiyev (“Turan Tovuz”), Nihad Quliyev (“Qarabağ”), Vüsal Məsimov (“Kəpəz”), Amir Bilali (“Qostivar”, Şimali Makedoniya), Dmitri Litvin (“Lusitaniya”, Portuqaliya), Qorka Larruçea (“Etar”, Bolqarıstan) və Mert Çeliki (“Başakşəhər”, Türkiyə) də heyətinə qatmışdı.
Yusif Nəbiyev, Samir Abdullayev, Hüseynəli Quliyev, Rüfət Abdullazadə, Cabir Əmirli və Süleyman Əhmədovla da yeni müqavilə imzalanıb.
Adil Nağıyev, Ağabala Ramazanov, Səlahət Ağayev, Vüqar Həsənov, Bahadur Həziyev, Rafael Məhərrəmli, Adi Mehremiç, Elmir Tağıyev və Pedro Nuno isə komandanı tərk ediblər.


