Sahil Babayev Azərbaycan Boks Federasiyasının yeni prezidenti seçildi

Bu gün Azərbaycan Boks Federasiyasının (ABF) hesabat-seçki konfransı keçirilib. Arena.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. Sonra ABF-nin baş katibi Nağı Səfərov federasiyanın son illərdəki fəaliyyəti barədə hesabat verib. Ardınca qurum rəhbərliyinə seçkilər keçirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev federasiyanın yeni prezidenti seçilib.

Qeyd edək ki, ABF-yə 2009-cu il yanvarın 23-dən Kəmaləddin Heydərov, daha əvvəl isə Ağacan Abiyev rəhbərlik edib. Kəmaləddin Heydərov 2021-ci il dekabrın 30-da Azərbaycan Taekvondo Federasiyasının prezidenti vəzifəsinə yenidən seçildiyi üçün ikinci federasiyadakı postundan istefa verməli olub.

Konfransda həmçinin, Məhərrəm Talıbov və Vüsal Nəsirli federasiyanın vitse-prezidentləri, Fuad Hacıyev və Rövşən Hüseynov isə İdarə Heyətinə üzv seçiliblər. Məhərrəm Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun qardaşı, Muxtar Respublika prokurorunun müavinidir. Vüsal Nəsirli isə əmək və əhalinin sosial müdafiəsi naziri, federasiyanın yeni prezidenti Sahil Babayevin müavinidir.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev ilə boks üzrə Avropa çempionu Rövşən Hüseynov İdarə Heyətinə üzv seçiliblər.

Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib.

Sonda Sahil Babayev çıxış edərək göstərilən etimada görə təşəkkür edib, bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini, bunun üçün mütəxəssislərin rəy və təkliflərinin xüsusilə diqqətə alınacağını bildirib:

“Mənə göstərilən etimadı böyük sevinclə qarşıladım. Azərbaycanda idmanın inkişafı ulu öndər Heydər Əliyevin dövründən başlayır. Onun siyasətini Prezident İlham Əliyev davam etdirir. Son 15 ildə Azərbaycan idmanı beynəlxalq yarışlarda 945 medal qazanıb. Bu, ölkə başçısının idmana verdiyi dəstəyin bariz nümunəsidir. Bu idman növü Azərbaycanda böyük ənənələrə malikdir. Olimpiya medallarına baxanda boks ikinci sıradadır. Azərbaycan boksu və federasiyanın əvvəlki rəhbərliyi kifayət qədər böyük uğurlar əldə edib. Boksçular hər zaman uğurlu çıxış ediblər”.

Boks Federasiyasının yeni hədəfləri açıqlandı

Sahil Babayev idmançılar, məşqçilər və federasiya əməkdaşları ilə birlikdə boksun daha da inkişaf etməsi üçün işləyəcəklərini diqqətə çatdırıb: “Biz bu sahədə fəaliyyətimizi daha da inkişaf etdirməliyik. Uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında boksun məşhurluğunu artırmaq üçün müxtəlif işlər görməliyik. İstedadlı idmançıları daha da peşəkar şəkildə hazırlıqlara cəlb etməliyik. İdmançıların yarışlarda daha aktiv iştirakı ilə bağlı tədbirlər görməliyik. Azərbaycan regionlarında və Bakıda boksa maraq böyükdür. Bunu daha kütləvi etməliyik.

Azərbaycan boksçularının hüquqlarını tam müdafiə edəcəyik. Haqsızlıqlar təkcə boksda yox, digər növlərdə də olur. Bəzən ədalətsiz qərar çıxanda dərin təəssüf hissi keçirmişəm. 2015-ci ildə Boks Mərkəzinin açılışı zamanı ölkə başçısı da bildirmişdi ki, hakim ədalətsizliyi ilə üzləşirik. Haqsızlıqla üzləşmişiksə, bunun hüquqi addımları olmalıdır. Məsələnin sistemli həlli üçün müxtəlif müzakirələrdə iştirak edəcəyik”.

Babayev boksa olan marağından da danışıb: “Bu sahədə biliklərim həvəskar sahədədir. Boksçularımızı izləyənlərdən biri olmuşam. Bundan sonra daha ciddi və peşəkar səviyyədə bu məsələ ilə məşğul olmağa başlamışam. Boksçularımızın əksəriyyətinin döyüşlərinə gənc yaşlarımda baxmışam və uğurlarına sevinmişəm.

Babayev Azərbaycan Boks Federasiyasının hədəflərini də açıqlayıb: “Qısa müddətli cari ildəki yarışlarda Azərbaycana medallar qazandırmaq istəyirik. Orta müddətli hədəfə gəlincə, Paris olimpiadasına çox vaxtımız yoxdur. Burada da hədəf medallar gətirməkdir. Uzunmüddətli hədəflər isə yeni gənc boksçu nəslinin yetişdirilməsidir. Bunun üçün seleksiyalar həyata keçirilməli, yeni gənc hakim nəslin üzə çıxmasına çalışmalıdır. Bu hədəflərin altında da çoxsaylı planlar olacaq”.

Nazir Azərbaycanda yaxşı boks infrastrukturunun mövcud olduğunu sözlərinə əlavə edib: “Amma əhali arasında potensialı nəzərə alaraq, bu infrastrukturu genişləndirməliyik. Beynəlxalq arenada da əlaqələri genişləndirmək lazımdır. Azərbaycan boksu üçün xeyirlisi nədirsə, o addımları atacağıq. Boksçularımız istənilən yerdə və istənilən rəqiblə görüşlərdə qələbə qazanmağa hazırdır. Hər bir boksçumuz istəyər ki, həmin yarışda qələbələr qazansın. Məşqçi heyəti ilə qiymətləndirməni aparacağıq və bundan sonra qərar verəcəyik. Yekun qərar idmançılardan və məşqçilərdən asılıdır”.

Xəbəri sosial şəbəkələrdə paylaş: