Futbol üzrə Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2026-nın yarımfinalında İngiltərəyə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, argentinalı mütəxəssi rəqib üzərində qazanılan 2:1 hesablı qələbədən sonra komandasının çıxışını yüksək qiymətləndirib.
Skaloni futbolçularının onu heyrətləndirməkdən yorulmadığını bildirib:
“Söz tapa bilmirəm. Bu sevinc bütün komanda və azarkeşlərimiz üçündür. Futbolçuların meydanda göstərdiklərini sözlə ifadə etmək çətindir. Biz həqiqətən unikal komandayıq. Məhz bu uşaqlar bizi qələbələrə aparırlar.
Finalda da qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Bu, təkəbbür deyil, sadəcə həqiqətdir. Bu formanı geyinən futbolçular qələbəyə layiqdirlər. Sonadək bütün gücümüzü ortaya qoyacağıq”, deyə Skaloni iddiasını ortaya qoyub.
Tuxel: “Qoldan sonra həddindən artıq passiv oynadıq”
İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel isə məğlubiyyətdən sonra komandasının ikinci hissədə təşəbbüsü əldən verdiyini etiraf edib.
“Çox məyusuq. Qələbəyə çox yaxın idik. Amma qol vurduqdan sonra həddindən artıq passiv oynamağa başladıq və rəqibə çoxlu təhlükəli vəziyyət yaratmağa imkan verdik.
Üst mərtəbədə demək olar ki, bütün mübarizələri uduzurduq. Argentina davamlı cinahlardan ötürmələr edirdi. Buna görə də beş müdafiəçili sxemə keçdik ki, müdafiədə boşluqları bağlayaq və hava mübarizələrində daha güclü olaq”.
Almaniyalı mütəxəssis müdafiəçi Ezri Konsanın meydana buraxılmasının səbəbini də izah edib:
“Sadəcə futbolçularımıza kömək etməyə çalışdıq. Qolumuzdan dərhal sonra, heç bir əvəzetmə etmədən belə, çoxlu cinah ötürmələrinə və təhlükəli vəziyyətlərə imkan verirdik. Buna görə də müdafiəni gücləndirmək qərarı verdik.
Əlbəttə, məsuliyyət baş məşqçinin üzərindədir. Nəsə alınmayanda məşqçinin səhv etdiyini demək asandır”.
Tuxel komandasının ikinci qolu vurmaq istədiyini, lakin hücum xəttində dəyişikliklərin oyunun gedişini dəyişəcəyinə inanmadığını da bildirib:
“İkinci qolu vurmaq istəyirdik. Ancaq hücumdakı dəyişikliklərin kömək edəcəyini hiss etmirdim. 4-4-2 sxemində qalırdıq, amma getdikcə daha passiv olmağa başladıq. Topu nə qazana, nə də saxlaya bilirdik. Bu, taktiki quruluş problemi deyildi. Sadəcə oyunun axarı tamamilə dəyişdi”.
Qeyd edək ki, Argentina yarımfinalda İngiltərəni 2:1 hesabı ilə məğlub edərək finala yüksəlib. Cənubi Amerika təmsilçisi iyulun 19-da keçiriləcək həlledici görüşdə İspaniya millisi ilə üz-üzə gələcək.


