İngiltərə çempionu “Mançester Siti” alman qapıçısı Ştefan Orteqa ilə razılığa gələrək, müqaviləsini daha 1 il müddətinə uzadıb.
Arena.az bu barədə “Mançester Yunayted”in rəsmi saytına istinadən məlumat verir.
Yenilənmiş müqavilə 2026-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.
“Mançester Siti”də qaldığım üçün şadam. Bu, oyunçulara ən yaxşı olmaq üçün gərək olan hər məqamı təmin edən bir futbol klubudur. Hər gün yeni ilham və çağırış hiss edirəm. İki il əvvəl buraya köçəndən sonra daha yaxşı qapıçı oldum”, – “şəhərlilər”in rəsmi saytı Ştefan Orteqadan sitat gətirir.
Ştefan Orteqa “Baunatal”, “Hessen Kassel” və “Arminya” (Bilefeld) klublarının futbol məktəblərində yetişib. Alman qapıçı böyük futboldakı karyerası ərzində “Arminya” və “Münhen 1860” klublarında çıxış edib. “Mançester Siti” Orteqanı 2022-ci ilin iyulunda “Arminya”dan azad agent qismində öz düşərgəsinə qatıb.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Orteqa “şəhərlilər”in heyətində bütün yarışlarda 20 oyuna çıxıb, 20 qol buraxıb, 8 oyunda qapısının toxunulmazlığını təmin edib. Orteqanın “Msnçester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 34 oyun, 27 buraxılmış qol, 17 təmiz oyun.
Ştefan Orteqa Almaniyanın U-19 yığmasına dəvət alıb, amma heç bir oyun keçiriməyib. Ümumiyyətlə Orteqanın qapıçı karyerasında milli komanda səhifəsinin olmadığı aşkardır.
Ştefan Orteqanın qənimətlər muzeyində “Mançester Siti” ilə qazandığı qənimətlərə İngiltərə Premyer Liqası (2 dəfə), İngiltərə Kuboku, Çempionlar Liqası, UEFA Super Kuboku, FIFA Klub Dünya Kuboku daxildir.
“Transfermarkt” internet-portalı 31 yaşlı alman qapıçının trasnfer dəyərini 9 milyon avro məbləğində qiymətləndirir.



