“Ştutqart” sabiq baş məşqçisi ilə anlaşdı

Almaniyanın “Ştutqart” komandasının yeni baş məşqçisi müəyyənləşib. Arena.az xəbər verir ki, Bundesliqa təmsilçisini bundan sonra Bruno Labbadiya çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Almaniyadan olan 56 yaşlı mütəxəssislə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb.

Labbadiya “Ştutqart”da bir ay öncə istefaya göndərilmiş Pelleqrino Mataratsonu əvəz edib. Hansı ki, onun istefasına komandanın uğursuz nəticələri səbəb olmuşdu. Həmin dövrdən bəri komandaya müvəqqəti olaraq Mixael Vimmer rəhbərlik edirdi. Labbadiyanın gəlişindən sonra onunla da yollar ayrılıb.

“Ştutqart” bu mövsüm Bundesliqada geridə qalan 15 turda 14 xal toplayıb və 18 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.

Bruno Labbadiya daha öncə də bu komandaya rəhbərlik edib. O, 2010-cu ilin dekabrından 2013-cü ilin avqustuna kimi çalışdırdığı ştutqartlıları 119 matça çıxarıb. Bu görüşlərdə 50 qələbə qazanmış komanda 24 heç-heçə edib, 45 məğlubiyyətə üzülüb. “Darmştadt”, “Qroyter”, “Bayer”, “Hamburq” və “Volfsburq”u da çalışdırmış Labbadiya, son olaraq “Herta”ya rəhbərlik edib. O, 2021-ci ilin yanvarında bu klubdan ayrılandan bəri işsiz idi.

Pelleqrino Mataratso isə 2019-cu ilin dekabrından “Ştutqart”a rəhbərlik edirdi. O, bu komandanı 100 matça çıxarıb. Bu oyunlarda 31 qələbə qazanmış komanda 29 heç-heçə edib, 39 məğlubiyyətə üzülüb. ABŞ-dan olan 44 yaşlı mütəxəssis daha öncə “Nürnberq”in ikinci komandasında da köməkçi məşqçi kimi çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: