Futbol üzrə Argentina millisinin və “İnter Mayami”nin hücumçusu Lionel Messi 2023-cü ilin ən yaxşı oyunçusu adına layiq görülüb.
Arena.az xəbər verir ki, bu gecə FIFA-nın ilin ən yaxşılarına təqdim etdiyi “The Best” mükafatının sahibləri müəyyənləşib.
2023-cü ilin fərqlənən futbol adamlarının mükafatlandırıldığı mərasim İngiltərənin paytaxtı London şəhərində baş tutub.
Ötən ilin ən yaxşı futbolçusu ABŞ klubu “İnter Mayami”də çıxış edən argentinalı ulduz hücumçu Messi seçilib. Lakin maraqlıdır ki, “Leo” özü mərasimə qatılmayıb. Yayılan xəbərlərə görə, onun bu qərarı verməsinə səbəb “The Best” mükafatını qazanacağına inanmaması olub. Futbolçu tədbirdə iştirak etmədiyi üçün mükafat ona təqdim edilməyib. 36 yaşlı hücumçu mükafatı almaq yolunda Erlinq Haland (“Mançester Siti”, Norveç) və Kilian Mbappeni (PSJ, Fransa) qabaqlayıb.
Xatırladaq ki, “Qızıl top”un səkkizqat qalibi ötən il də “The Best” mükafatını qazanmışdı. Ümumilikdə isə bu, onun 3-cü belə mükafatıdır.
Messi 2023-cü ildə PSJ ilə Fransa çempionatının, Fransa Super Kubokununun qalibi olub, “İnter Mayami” ilə Liqa Kubokunu qazanıb.
“Mançester Siti”ni çalışdıran Xosep Qvardiola isə 2023-cü ilin ən yaxşı baş məşqçisi seçilib. 52 yaşlı ispan mütəxəssis ötən il “şəhərlilər”lə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun və UEFA Çempionlar Liqasının qalibi olub. Qvardiola ilə yanaşı, bu ada Simeone İnzaqi (“İnter”) və Luçano Spalletti (“Napoli”, İtaliya millisi) də namizəd idi.
“Mançester Siti”nin şərəfini qoruyan Ederson isə 2023-cü ilin ən yaxşı qapıçısı seçilib. Bu ada Tibo Kurtua (“Real”, Belçika millisi ) və Yassin Bunu (“Əl-Hilal”, Mərakeş millisi) da namizəd idi.
“Barselona”nın yarımmüdafiəçisi Aytana Bonmati isə 2023-cü ilin ən yaxşı qadın futbolçusu seçilib. İspaniya millisinin üzvü Linda Kaysedo (“Real”, Kolumbiya) və Cennifer Ermosonu (“Tiqres”, İspaniya) qabaqlayıb. Aytana Bonmati ötən il qadınlar arasında 2022-ci ilin ən yaxşı futbolçusu seçilərək “Qızıl top”u da qazanmışdı.
Aytana 2023-cü ildə “Barselona” ilə İspaniya Super Kubokunun, UEFA Çempionlar Liqasının və İspaniya La Liqasının, həmçinin İspaniya milli komandasının tərkibində qadınlar arasında dünya çempionatının qalibi olub.
“The Best”: Bütün nominasiyalar üzrə qaliblər
Ən yaxşı kişi futbolçu
Lionel Messi (“İnter Mayami” / Argentina)
Ən yaxşı qadın futbolçu
Aytana Bonmati (“Barselona”, İspaniya)
Ən yaxşı kişi baş məşqçi
Xosep Qvardiola (“Mançester Siti” / İspaniya)
Ən yaxşı qadın baş məşqçi
Sarina Viqman (İngiltərə millisi / İngiltərə)
Ən yaxşı kişi qapıçı
Ederson (“Mançester Siti” / Braziliya)
Ən yaxşı qadın qapıçı
Meri Erps (“Mançester Yunayted” / İngiltərə)
Feyr-pley mükafatı
Braziliya milli komandası
“Puşkaş mükafatı”
Gilyerme Madruqa – “Botafoqo”nun heyətində “Novorizontino”ya vurduğu qol
“Ən yaxşı azarkeş” mükafatı
Huqo Daniel
İlin simvolik komandası
Qapıçı: Tibo Kurtua;
Müdafiəçilər: Kayl Uoker, Con Stounz, Ruben Dias;
Yarımmüdafiəçilər: Bernardo Silva, Kevin De Bröyne, Cud Bellingem;
Hücumçular: Lionel Messi, Erlinq Haaland, Kilian Mbappe, Vinisius.


