Almaniyalı futbol mütəxəssisi Tomas Tuxel İngiltərə milli komandasının baş məşqçisi kimi tarixi rekorda imza atıb.
Arena.az xəbər verir ki, 53 yaşlı mütəxəssis İngiltərə yığmasının Çexiyanı 3:0 hesabı ilə məğlub etdiyi UEFA Millətlər Liqasının oyununda 20-ci qələbəsini qazanıb.
Tomas Tuxel bu göstəriciyə 26-cı matçında çatıb. Bununla da almaniyalı çalışdırıcı İngiltərə millisinin tarixində 20 qələbə həddinə ən az sayda oyunda çatmış baş məşqçi olub.
Əvvəlki rekord Uolter Vinterbottoma məxsus idi. O, İngiltərə millisinin baş məşqçisi kimi 20-ci qələbəsini 27-ci oyununda qazanmışdı. Vinterbottom bu vəzifədə 1946–1962-ci illərdə çalışıb.
Tuxelin rəhbərliyi altında İngiltərə 26 oyunda 20 qələbə qazanıb, 2 heç-heçə edib və 4 dəfə məğlub olub.
Çexiya üzərində qələbədə Harri Keyn də diqqət mərkəzində olub. İngiltərə millisinin kapitanı 125-ci oyununu keçirərək Piter Şiltonun milli komanda rekordunu təkrarlayıb. Keyn qarşılaşmada iki qol vurub, ilk qolun hazırlanmasında isə iştirak edib. Onun milli komandadakı qol sayı 91-ə çatıb.
Tuxel isə matçdan sonra komandasının çıxışından razı qaldığını bildirib: “Çox yaxşı oyun keçirdik. Bütün görüş ərzində oyuna nəzarət etdik, yaxşı imkanlar yaratdıq və gözəl qollar vurduq”.
Xatırladaq ki, Tuxel 2025-ci il yanvar ayından İngiltərə yığmasına rəhbərlik edir.


