Toni Popoviç: “Bu, əlamətdar nailiyyətdir”

Avstraliya millisinin baş məşqçisi Toni Popoviç dünya çempionatının qrup mərhələsinin son turunda Paraqvaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, qolsuz bərabərə qaldıqları oyundan (0:0) sonra komandasının 1/16 finala yüksəlməsini yüksək qiymətləndirib:

“Bu, əlamətdar nailiyyətdir və burada hamının – Futbol Assosiasiyasından tutmuş məşqçilər heyətinə, futbolçulara və azarkeşlərə qədər hər kəsin əməyi var. Bu, xüsusi bir gündür”, – deyə Toni Popoviç jurnalistlərə bildirib.

Mütəxəssis qeyd edib ki, komanda heç vaxt heç-heçə üçün oynamayıb:

“Oyunun gedişini və ya bizim nəyə ehtiyac duyduğumuzu müxtəlif cür dəyərləndirmək olar, amma biz bir an belə heç-heçə üçün oynadığımızı düşünmədik. Hesab edirəm ki, oyuna kifayət qədər yaxşı nəzarət etdik, təşəbbüsə sahib olduq və daha çox qol imkanı yaratdıq”.

Popoviç start heyətində etdiyi altı dəyişikliklə bağlı sualı cavablandırmaqdan imtina edib. O bildirib ki, komandadakı hər bir futbolçu vacibdir və heç kimin əsas heyətdə yeri təmin olunmayıb.

Paraqvay millisinin baş məşqçisi Qustavo Alfaro isə Avstraliya ilə heç-heçəni (0:0) şərh edərkən rəqibin gücünü etiraf edib. Bu nəticə Paraqvayı qrupda üçüncü pillədə saxlayıb və komanda pley-offa yüksəlmək üçün yaxşı şanslarını qoruyub. Xatırladaq ki, dünya çempionatının 1/16 final mərhələsinə qrup üçüncüləri arasında ən yaxşı səkkiz komanda vəsiqə qazanır.

“Bu, əldə etmək istədiyimiz nəticə deyildi, amma realist olmalı olduğumuzu anlayırdıq”, – deyə Qustavo Alfaro bildirib.

Alfaro Avstraliya millisinin güclü tərəflərini də vurğulayıb:

“Onlar çox güclüdürlər, yaxşı fiziki hazırlığa malikdirlər, hündürboylu futbolçuları var və boş zonalardan istifadə etməyi bacarırlar. Cinahlarda çox yaxşı oynayırlar və heyətlərində keyfiyyətli futbolçular var.

Bu oyunun çox çətin keçəcəyini bilirdik və elə də oldu. Qələbə qazanmaq, tarix yazmaq və dünya çempionatında iki matç qazanan ilk Paraqvay komandası olmaq istəyirdik.

Onları sıxışdırmaq üçün boş zonalar tapmaqda çətinlik çəkdik. Avstraliya fiziki gücü, intizamı və sürəti birləşdirən komandadır. Belə müdafiə sistemlərini yarmaq üçün isə çox intizamlı, dəqiq və sürətli olmaq lazımdır”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: