Sonuncu iş yeri Odessa “Çernomorets”i (Ukrayna) olan braziliyalı yarımmüdafiəçi Vanderson Kavalkante Melo “Araz-Naxçıvan”a keçib.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqamızın debütantı rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, yeni mövsümdən Premyer Liqada çıxış edəcək əyalət təmsilçisi Vanderson Kavalkante Melo ilə anlaşıb. Tibbi müayinədən keçən 29 yaşlı dayaq yarımmüdafiəçisi ilə imzalanan müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub. 1.80 sm boya malik futbolçunun sonuncu klubu Odessa “Çernomorets”i olub. Vanderson vətənində “Koritiba”, “Fos-du-İquasu”, “Marinqa”, “Pirasikaba”, “Andraus”, İsveçin “Eskulstuna”, Belarusun “Vitebsk”, Litvanın “Panevejis” klublarında forma geyinib.
Vanderson müqavilə imzaladıqdan sonra təəssüratlarını klub saytı ilə bölüşüb: “İlk dəfədir ki, Azərbaycanda oluram. Burada çoxlu həmyerlilərim çıxış edir. Biz də “Araz-Naxçıvan”a uğur qazandırmaq üçün gəlmişik. Nəticələrimizin yaxşı olması üçün çalışacağıq. Dəvət etdiklərinə və kluba keçidimə kömək göstərdiyinə görə, rəhbərliyə və menecerimə təşəkkür edirəm”.
Xatırladaq ki, bu, “Araz Naxçıvan”ın rəsmən açıqladığı ikinci transferidir. Premyer Liqanın debütantı daha öncə portuqaliyalı yarımmüdafiəçi Nuni Rodriqeslə də 1 illik müqavilə imzalandığını açıqlamışdı.


