Vüsal İsgəndərli Konfrans Liqasında 5 qola sevindi

Futbol üzrə Azərbaycan milli komandasının cinah hücumçusu Vüsal İsgəndərli Kosovo klubu “Malişeva”nın heyətində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, 29 yaşlı futbolçunun yeni komandası Avropa Konfrans Liqasının 2026/2027-ci illər mövsümünün 1-ci təsnifat mərhələsi çərçivəsində bu gün Albaniyanın “Vlajniya” kollektivi ilə üz-üzə gəlib.

“Malişeva” bu rəqiblə səfər oyununda 1:2 hesabıyla məğlub olmuşdu. Vüsal həmin görüşün 64-cü dəqiqəsində meydana çıxmaqla yeni komandasının heyətində debüt etmişdi.

Bu gün baş tutmuş cavab görüşündə isə İsgəndərlinin komandası 5:0 hesabıyla qalib gələrək Konfrans Liqasının 2-ci təsnifat mərhələsinə vəsiqə qazanıb. Azərbaycanlı futbolçu bu dəfə start heyətdə meydana çıxıb və 68-ci dəqiqədə, hesab 4:0 olarkən əvəzlənib. O, 46-cı dəqiqədə sarı vərəqə alıb, 45+2-ci dəqiqədə isə komandasının vurduğu 2-ci qolda məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, Vüsalın komandası növbəti raundda Şotlandiya təmsilçisi “Hibernian”la qarşılaşacaq. İlk oyun iyulun 23-də Kosovoda, cavab görüşü ayın 30-da Şotlandiyada keçiriləcək.

Xatırladaq ki, Vüsal İsgəndərli “Malişeva”ya bu yay qoşulub. O, Kosovo klubunun heyətində artıq 2 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub.

Millimizin futbolçusu son olaraq Albaniyanın “Partizani” klubunda çıxış edib. O, Albaniya klubuna 2025-ci ilin yayında Türkiyənin “Boluspor” komandasından azad agent kimi keçmişdi. Hücumçu geridə qalmış mövsümdə bu komandanın heyətində 35 oyuna çıxıb, 6 qola imza atıb, 3 məhsuldar ötürmə verib.

Vüsal daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 7 oyunda 1 qola imza atıb, 1 məhsuldar ötürmə verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: