Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Türkiyənin “Boluspor” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2024/2025 mövsümünün 2-ci turu çərçivəsində baş tutan “Gənclərbirliyi” ilə oyunun iştirakçısı olub.
“Boluspor” səfərdə baş tutan bu oyundan heç-heçə ilə ayrılıb – 1:1. Bu, Bolu təmsilçisinin cari mövsümdəki ilk heç-heçəsidir. Futbolçumuzun komandası mövsümün ilk oyununda məğlubiyyətə üzülmüşdü.
İsgəndərli bu oyuna start heyətdə başlayıb və 64-cü dəqiqədə əvəzlənib. O, 50-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Xatırladaq ki, Vüsal İsgəndərli “Boluspor”a bu ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 16 matça çıxıb, hələ məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Boluspor” 2 turdan sonra 1 xalla 20 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.


