Xabi Alonso: “Qarabağ”ın bəxti gətirmədi”

Almaniyanın “Bayer” komandasının baş məşqçisi Xabi Alonso Avropa Liqasının 1/8 finalında “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, ispan mütəxəssis 2:2 hesabıyla başa çatan qarşılaşmadan sonra baş tutan mətbuat konfransında bunları dilə gətirib:

“Bizi çətin rəqiblə heç də asan olmayacaq oyun gözlədiyini bilirdim. Qarşımızda güclü “Qarabağ” var idi. Ona görə də çətin oyun oldu. Gələn həftə necə olacağını bilmirəm. Çalışacağıq ki, ikinci yarıdakı matçı cavab görüşündə də meydanda göstərək. Bu gün buraxdığımız səhvləri cavab matçında təkrarlamamalıyıq.

Bu gün bəxtimizin gətirdiyi fikri ilə razıyam. Bunun sayəsində 2:2 etdik. “Qarabağ”ın isə bəxti gətirmədi. Şanslardan yararlana bilmədilər. Bir həftədən sonra da Leverkuzendəki matçda da şansların bərabər olduğunu düşünürəm.

“Qarabağ”ın çox yaxşı, keyfiyyətli oyunçular var. Bəziləri Bundesliqada oynaya bilər. “Qarabağ”ın özü də Bundesliqada oynaya bilər. Amma oyunçuların adını isə çəkmək istəmirəm”.

Xabi Alonso “Qarabağ”ın baş məşçqisi Qurban Qurbanovla dostluğunun hesaba təsiri barədə sualı belə cavablandırıb: “Bunun heç bir təsiri olmadı. Çünki oyuna təsiri oyunçular göstərir. Biz sadəcə, onları oyuna hazırlamağa çalışırıq.

Qurban Qurbanovun avrokubok təcrübəsi çoxdur. “Qarabağ”ın UEFA Çempionlar Liqasında “Atletiko”ya qarşı keçirdiyi oyunları da xatırlayıram. Qurban Qurbanov komandanı neçə illərdir çempion edir, avrokuboklara çıxarır. O, böyük işlər görür”.

İspan məşqçi “Bayer”in uzun müddətdir məğlubiyyət tanımamasına və rekord gətirən seriyasına çox fokuslanmadını da söyləyib: “Mənim üçün əsas olan komandanın yaxşı oyunudur. İlk məğlubiyyət olsa belə, bu ab-havanın komandada qalmasını istəyirəm. Fasilədən sonra yaxşı olmayan nəticəni düzəltdik.

Mən hər bir oyunçuma inanıram. Bugünkü heyətin də “Qarabağ”ı uda biləcəyini düşünürdüm. Hər bir məşqçi üçün ehtiyat skamya da vacibdir. Şadam ki, onlar meydana çıxaraq komandanın qollarını vurdular.

Bu, Bundesliqa oyunu deyildi, pley-off qarşılaşması idi. İlk yarı ən zəif birinci hissə deyildi. Amma hər şey istədiyimiz kimi alınmadı. Vacib olan odur ki, ehtiyatdan meydana girənlər matçın gedişatını dəyişdilər və iki qol vurduq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: