Xorxe Sampaoli Marsel “Olimpik”indən ayrıldı

Fransanın “Olimpik” (Marsel) komandasının baş məşqçisi Xorxe Sampaoli istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Argentinadan olan 62 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Fransa mətbuatında yer alan xəbərə görə, argentinalı mütəxəssis Marsel klubunun transfer siyasətindən narazı qaldığı üçün postundan ayrılıb.

Xatırladaq ki, Xorxe Sampaoli 2021-ci ilin fevralından bu komandaya rəhbərlik edirdi. Marsel təmsilçisi bu mütəxəssisin rəhbərliyi altında bütövlükdə 67 matça çıxıb. Bu görüşlərdə 36 qələbə qazanan “Olimpik”, 17 heç-heçəyə razılaşıb, 14 məğlubiyyətə üzülüb.

Marsel “Olimpik”i geridə qalan mövsümdə Avropa Konfrans Liqasının pley-off mərhələsində Azərbaycanın “Qarabağ” komandası ilə də qarşılaşmışdı. Sampaolinin rəhbərlik etdiyi komanda hər iki oyunda Ağdam klubuna qalib gəlmişdi – 3:1; 3:0.

Sampaoli “Olimpik”dən əvvəl “Atletiki Mineyro”, “Santos”, “Sevilya” kimi komandalara, həmçinin Argentina və Çili yığmalarına rəhbərlik edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: