Niderlandlı keçmiş müdafiəçi Yap Stam portuqal hücumçu Kristiano Ronaldonun futbol tarixinin ən yaxşı futbolçusu olması fikri ilə razı deyil.
Arena.az Stamın müvafiq qənaətini təqdim edir:
“Mən Kristiano Ronaldonun, onun bütün zamanların ən yaxşı oyunçusu olması fikri ilə razı deyiləm. Dieqo Maradona, Lionel Messi, Pele və özünəməxsus surətdə istedadlı digər oyunçular haqda da unutmayın”, deyə Yap Stam vurğulayıb.
Yeri gəlmişkən, fransız keçmiş dayaq yarımmüdafiəçisi Emmanuel Peti də dünya futbolunun iki müasir ulduzu – “Əl-Nəsr”in portuqal hücumçusu Kristiano Ronaldo və “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi arasında seçim edib:
“Bu seçim hansısa əla maşının, yeməyin və ya qadının sizə xoş gəlməsi kimidir. Lionel Messi, Kristiano Ronaldo, Pele, Dieqo Maradona, Mişel Platini, Zİnəddin Zidan… Məndən bunu soruşmayın! Mən onların hamısını sevirəm”, deyə Peti vurğulayıb.
Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 33 oyuna 28 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 97 oyun, 86 qol və 19 məhsuldar ötürmədən ibarətdir.
Əlavə edək ki, Ronaldo Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümümün 19 qolla ən sərrast qolçusudur. Portuqal ulduzun hesabında 3 məhsuldar ötürmə də var.
Kristiano Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2023/2024-cü illər mövsümünün ən sərrast qolçusu (35 qol) olub.
Kristiano Ronaldo Portuqaliya yığmasının heyətində 218 oyuna 135 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 40 yaşlı veteran hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.


