Yap Stam: “Ten Haqın “Mançester Yunayted”dən getmək vaxtıdır”

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Yap Stam həmvətəni Erik ten Haqın rəhbərliyi altında “qırmızı şeytanlar”ın çıxışından danışıb.

Arena.az niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Bu, Ten Haqın “Mançester Yunayted”dəki üçüncü mövsümüdür. Düşünürəm ki, onun komandanı tərk etmək vaxtıdır. Onun, özünə və ötən mövsümün necə keçdiyinə baxmaq gərəkdir. Ten Haqın, komandasının yaxşı futbol oynaması ilə bağlı sözləri ilə həmişə razılaşmıram”, deyə Yap Stam vurğulayıb.

Xatırladaq ki, iyulun 4-də “Mançester Yunayted” Erik ten Haqla müqaviləsinin müddətini 2026-cı ilə qədər uzatdığını rəsmən açıqlayıb.

Geridə qalmış 2023/2024-cü illər mövsümünün əksər yarışlarında Ten Haq uğursuzluğa düçar olub. “Mançester Yunayted” UEFA Çempinlar Liqasını qrup sonuncusu olaraq tərk edib, İngiltərə Liqa Kubokunu əldən verib. Premyer Liqada isə 38 oyundan 60 xal toplamış “qırmızı şeytanlar” yarış cədvəlinin 8-ci pilləsində qərarlaşıblar ki, bu da klub tarixinin ən uğursuz nəticəsi olmaqla yanaşı, heç avrokuboklara da vəsiqə verməyib.

Əvəzində, niderlandlı mütəxəssis özünün “qırmızı şeytanlar”ı ilə birlikdə qarşısına qazanmağı məqsəd qoyduğu İngiltərə Kubokunda qalibiyyətə nail olub. Bu zəfər isə “Mançester Yunayted”ə növbəti, 2024/2025-cü illər mövsümündə Avropa Liqasında iştirak hüququ verib.

Erik ten Haq 2022-ci ilin iyul ayından “Mançester Yunayted”i çalışdırır. Niderlandlı mütəxəssis “qırmızı şeytanlar”ı indiyə qədər 115 oyuna çıxarıb, 68 qələbə, 15 heç-heçə, 32 məğlubiyyət yaşayıb. Topların fərqi isə 214:164 nisbətindədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: