Danimarka yığmasının sabiq hücumçusu, 47 yaşlı mütəxəssis Yon Dal Tomasson İsveç millisinin yeni baş məşqçisi təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə İsveç Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Tomassonun müqaviləsi 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi başa çatana qədərdir. Milli uğur qazanacağı təqdirdə, müqavilə avtomatik olaraq daha iki il müddətinə uzadılacaq.
Tomasson İsveç yığmasının baş məşqçisi postunda ötən ilin sonunda vəzifəsindən ayrılmış Yanne Anderssonu əvəz edib. Ötənlərin məşhur hücumçusu İsveçin tarixində ilk əcnəbi baş məşqçidir. Ona qədər bu komandanı yalnız yerli mütəxəssislər çalışdırıblar.
Yon Dal Tomasson məşqçiliyə 2016-cı ildə Danimarka yığmasında köməkçi kimi başlayıb. O, 2020-2021-ci illərdə İsveçin “Malmö” klubunu çalışdırıb. Onun rəhbərliyi altında komanda iki dəfə İsveç çempionu olub və UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib. 2022-ci ildən isə o, bu ilin fevralına kimi İngiltərə Çempionşipində mübarizə aparan “Bləkbörn”ün baş məşqçisi idi.
Sonda onu da xatırladaq ki, İsveç UEFA Millətlər Liqasının 2024/2025 mövsümünün qrup mərhələsində Azərbaycan millisinin rəqiblərindən biridir. C Liqasının 1-ci qrupunda yer almış bu komandaların rəqibləri arasında Slovakiya və Estoniya yığmaları da var.
Qeyd edək ki, İsveç yığması kimi, Azərbaycan millisi də ötən ilin sonundan baş məşqçisizdir. Amma İsveçdən fərqli, Canni De Byazi ilə vidalaşmış Azərbaycan yığmasında yeni baş məşqçinin kim olacağı bilinmir.


