Futbol üzrə Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində keçirilməsi planlaşdırılan “Zirə” – “Araz-Naxçıvan” oyunu təxirə salınıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
“Qartallar” Konfrans Liqasının pley-off mərhələsində Kiprin “Omoniya” kollektivi ilə matça yaxşı hazırlaşmaq məqsədi ilə PFL-ə müraciət edib. Naxçıvan klubu isə buna razı olub.
Bundan əlavə, 3-cü turun “Şamaxı” – “Zirə” matçı ilə 12-ci turun “Zirə” – “Şamaxı” oyununun yerləri dəyişdirilib.
PFL-in bununla bağlı rəsmi açıqlamasını təqdim edirik:
“Ölkəmizi Konfrans Liqasının pley-off mərhələsində təmsil edəcək “Zirə” Futbol Klubu Peşəkar Futbol Liqasına rəsmi müraciət edib. Klub turnirin pley-off mərhələsinə daha yaxşı hazırlaşmaq məqsədi ilə Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində keçiriləcək “Araz Naxçıvan” ilə oyunun təxirə salınmasını, “Şamaxı” ilə 4-cü tur çərçivəsində keçiriləcək səfər oyunu ilə 12-ci turda keçiriləcək ev oyununun yerininin dəyişdirilməsini xahiş edib.
Azərbaycan futbolunun ümumi mənafeyini nəzərə alan Peşəkar Futbol Liqası “Zirə” klubunun müraciəti, “Araz Naxçıvan” və “Şamaxı” klublarının razılığı əsasında 2024/2025-ci illər futbol mövsümünün Əsasnaməsinin 6-cı maddəsinin 2-ci bəndini rəhbər tutaraq aşağıdakı dəyişikliklər barədə qərar qəbul edib:
- Azərbaycan Premyer Liqasının 3-cü turunun “Zirə” – “Araz Naxçıvan” oyunu təxirə salınır. Komandaların əvəzedici heyətləri arasında baş tutacaq oyun əvvəlcədən planlaşdırıldığı kimi oynanılır. Təxirə salınmış oyunla bağlı əlavə məlumat veriləcək.
- 2024/2025-ci illər mövsümünün təqvimində 4-cü turun “Şamaxı” – “Zirə” oyunu ilə 12-ci turun “Zirə” – “Şamaxı” oyununun yerləri dəyişdirilir. Komandaların əvəzediciləri arasında keçirilən oyun əvvəlcədən nəzərdə tutulmuş kimi keçirilir”.


