Zlatan İbrahimoviç futbolçu karyerasını bitirdiyini açıqladı

Futbol üzrə İsveç milli komandasının və İtaliyanın “Milan” klubunun hücumçusu Zlatan İbrahimoviç karyerasını başa vurub.

Arena.az xəbər verir ki, o, bunu İtaliya A Seriyasının 2022/2023 mövsümünün sonuncu – 38-ci turu çərçivəsində baş tutan “Verona” ilə ev oyunundan (3:1) sonra azarkeşlərlə vida mərasimində deyib:

“Futbolla vidalaşmağın vaxtıdır. Amma mən sizinlə sağollaşmıram, əziz azarkeşlər”.

Hazırda 41 yaşı olan futbolçu vida mərasimində göz yaşlarını saxlaya bilməyib.

İbrahimoviç İtaliya A Seriyasının başa çatan mövsümündə cəmi 4 matçda iştirak edib və 1 qol vurub. Təcrübəli oyunçu zədədən əziyyət çəkdiyi üçün mövsümün böyük hissəsini buraxmalı olub.

Zlatan 2020-ci ilin yanvar ayından “Milan”ın uğurları üçün çalışırdı. O, 2010-2012-ci illər aralığında da bu klubun formasını geyinib. Hücumçu bu komandada bütövlükdə 163 oyuna çıxıb, 93 qol və 35 məhsuldar ötürmə ilə yadda qalıb.

İsveçli futbolçu PSJ (180 oyun, 156 qol, 61 assist), “İnter” (117 oyun, 66 qol, 30 assist), “Ayaks” (110 oyun, 48 qol, 17 assist), “Yuventus” (92 oyun, 26 qol, 20 assist), “Los Anceles Qalaksi” (58 oyun, 53 qol, 15 assist), “Mançester Yunayted” (53 oyun, 29 qol, 10 assist), “Barselona” (46 oyun, 22 qol, 13 assist) və “Malmö” (3 oyun, 3 qol, 1 assist) kimi klublarda forma geyinib. O, formasını geyindiyi komandaların əksəri ilə çoxsaylı titullar qazanıb, hər mövsümdə müxtəlif fərdi uğurlara imza atıb.

İbrahimoviç İsveçin ən məşhur futbolçusudur. O, ölkəsinin milli komandasında da 122 oyuna çıxıb, 62 qola imza atıb.